Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Martın 29-da “MEDİAlab” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün infosessiya keçirilib.

Layihənin məqsədi texnoloji transformasiya zəncirinin əsas halqalarından olan insan resurslarının inkişafı üçün müvafiq sahədə kadr potensialının artırılması, media subyektləri və ali təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlığın genişləndirilməsinə dəstək göstərilməsidir.

Tədbirdə açılış sözü söyləyən agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, layihə media sahəsində innovasiya və inkişaf yönlü fəaliyyətin davamlılığının təmin edilməsinə, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsinə və gənclərin bacarıqlarının inkişafına öz töhfəsini verəcək.

Agentliyin nümayəndəsi Pərvanə İbrahimova media sahəsində gənc və peşəkar mütəxəssislərin hazırlanması və tendensiyalara uyğun rəqəmsal media bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

MEDİA-nın digər nümayəndəsi Aytən Babayeva “MEDİAlab” layihəsi ilə bağlı təqdimat edib. Bildirib ki, layihə iki komponentdən ibarətdir: maarifləndirmə və bacarıqların inkişafı.

Agentliyin əməkdaşı Aynur Zeynallı isə layihə çərçivəsində keçirilən sorğunun nəticələri və birillik fəaliyyət planı haqqında məlumat verib, növbəti mərhələdə müxtəlif ardıcıl inkişaf proqramlarının təşkil olunacağını vurğulayıb.

Tədbirin ikinci hissəsində Azərbaycan Televiziyası “Xəbərlər” proqramının aparıcısı Ruslan Həsənov tərəfindən “Newslab” – yaradıcı düşünmə, məzmun istehsalı və xəbər hazırlanması ilə bağlı bacarıqların inkişafı vorkşopu keçirilib. İnteraktiv müzakirə formatında reallaşan sessiyada telejurnalist iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlara praktik tapşırıqlar verib.