II Ramzesin məbədində minlərlə heyvan mumiyası aşkarlanıb

 

Nyu-York Universitetinin arxeoloji missiyası tərəfindən Misirin Abidos nekropolunda yerləşən II Ramzesin məbədində aparılan qazıntı işləri zamanı əsrlər boyu dini ibadətə dair əvvəllər sənədləşdirilməmiş dəlillər – mumiyalanmış heyvanların olduğu tikili tapılıb.

Misirin Qədim Əsərlər Ali Şurasının baş katibi Mustafa Vəziri bildirib ki, ərazidə aparılan arxeoloji qazıntılar zamanı 2 mindən çox mumiyalanmış qoç başları ilə yanaşı, mumiyalanmış qoyunlar, itlər, keçilər, inəklər, ceyranlar aşkar edilib.

Arxeoloji missiyanın rəhbəri Sami İsgəndər qeyd edib ki, məbədin içərisinə ehtimal ki, nəzir kimi qoyulmuş bu çoxlu sayda mumiyalanmış qoçların tapılması Ptolemeylər dövründə (e.ə. IV-I əsrlərdə Misirdə hakim sülalə) Abidosda ibadətlər zamanı heyvanlardan istifadə edilməsi təcrübəsinə dəlalət edir. Bu, II Ramzesin xatirəsinin onun dövründən (e.ə. XIII əsr) min il sonra hələ də ehtiramla xatırlandığını göstərir. Qədim Misirin ən böyük fironunun məbədinin yaxınlığına gətirilən bu heyvanlar kahinlər tərəfindən öldürüldükdən sonra mumiyalanırmış.

Yuxarı Misir Antik Əsərləri Mərkəzinin rəhbəri Muhammed Abdel-Badei bildirib ki, missiya, həmçinin məbədin şimal qapalı divarlarını və müxtəlif strukturlarını təmizləyə bilib. Bu, məbədin ərazisinin sərhədini aydın şəkildə müəyyən edir və fironların gündəlik həyat tərzini, məntəqədəki həyat, onun idarəçiliyi və ibadətləri daha yaxşı anlamağa imkan verir. Onun sözlərinə görə, yeni tapıntı II Ramzesin məbədinin kəşf edilməsindən 150 il sonra ən böyük arxeoloji uğurdur. Arxeoloji missiya, həmçinin ərazidən heykəllər, papiruslar, qədim ağacların qalıqlarını, dəri paltarlar və ayaqqabılar tapıb. “Yeni kəşflər Qahirədən 400 kilometr cənubda, Nil çayı boyunca yerləşən və fironların altıncı sülaləsindən Ptolemey dövrünə qədər iki minillik bir dövrə qədər olan məbəd haqqında biliklərimizi genişləndirən zəngin məlumatı ehtiva edir”, – deyə Abdel-Badei vurğulayıb.