Turistləri Bakıya ən çox cəlb edən nədir?
İndi turizm mövsümünün ən qızğın vaxtıdır. Bu günlər paytaxtımızda müxtəlif xarici ölkələrdən təşrif gətirmiş çoxlu sayda qonaqlara rast gəlmək mümkündür. Onların Bakıda ən çox üz tutduqları məkan isə Azərbaycan şəhər mədəniyyətinin əsrarəngiz nümunəsi, Bakının incisi sayılan İçərişəhərdir: kimisi qədim abidələrlə tanış olmaqla yanaşı, onları fotoaparatın yaddaşına köçürür, kimisi tarix və mədəniyyətimizi əks etdirən suvenirlərlə maraqlanır, kimisi də əsrarəngiz məkanda salınmış kiçik bağçalarda əyləşib ətrafdakı gözəlliyi seyr edir. Maraqlıdır, Amerika, Almaniya, İtaliya, İsveçrə, Hindistan, Çin, Yaponiya Rusiya və digər ölkələrdən olan turistləri Bakıda özünə ən çox cəlb edən nədir? Elə biz də ötən həftəsonu bu sualı şəhərimizin əcnəbi qonaqlarından bir neçəsinə ünvanladıq.
“Gecələr rəngarəng işıqlara bürünmüş şəhərdə gəzmək bizə böyük zövq verir”
İtaliyadan paytaxtımıza qonaq gələn Luka Lazarini özünə ən çox cəlb edən Bakının gözəlliyi, memarlıq abidələridir: «İlk dəfədir ki, Bakıya gəlirəm. Bu şəhərin belə gözəl turizm imkanları haqqında o qədər də məlumatlı deyildim. Bunu öz gözümlə gördükdə çox təəccübləndim. Ənənəvi memarlıq abidələrinin qorunması ilə yanaşı, yeni üslublu binaların da inşa edilməsi təqdirəlayiqdir».
İtalyan turist Bakıdan xatirə olaraq şəhərdə fotoşəkillər çəkdiyini və müxtəlif suvenirlər aldığını deyir. Suvenirlər isə əsasən üzərində Azərbaycanın tarixi abidələri əks olunmuş boşqablar, fincanlar və müxtəlif qablardır.
Qonaq Bakının gecə gözəlliyinə, əlvan işıqların yaratdığı mənzərəyə xüsusilə heyran olub: “Gecələr rəngarəng işıqlara bürünmüş şəhərdə gəzmək turistlər üçün böyük zövqdür. Bu zaman şəhər o qədər canlı görünür ki, mən onu ən cazibədar Avropa şəhərinə bənzədirəm. Sakinlər isə çox qonaqpərvər və xoşməramlıdırlar. İnsana hər addımda yardım etməyə çalışırlar”.
Növbəti həmsöhbətim Rusiyadan gələn turist Svetlana Noruşovadır. Əlində Bakının xəritəsi olan Svetlana ilk addımı şəhərlə tanışlıqdan başladığını bildirdi: «Xəritəyə baxaraq Bakının tarixi, görməli yerləri haqqında məlumat əldə edirəm. Çünki cəmi iki gündür ki, Azərbaycana gəlmişəm. Şəhər və onun insanları çox xoşuma gəldi. Bakının bulvarı çox gözəldir və məncə elə bir turist olmaz ki, onun diqqətini cəlb etməsin. İndi isə Şərq şəhər mədəniyyətini əks etdirən İçərişəhərlə tanış olmaq, tarixi abidələrini seyr etmək istəyirəm».
“İçərişəhərin özü canlı suvenirdir”
Onu da qeyd edək ki, indi İçərişəhərlə tanış olmaq üçün turistlərə gözəl şərait yaradılıb. Onlar istəsələr, xüsusi maşınların - elektromobillərin köməyi ilə də bu zəngin tarixi məkanı gəzə bilərlər. Burada qurulmuş gözəl bağçalar, kafelər də mənalı istirahət üçün ideal yerdir.
İsveçrədən gəlmiş Arun Hontarbeli isə paytaxtımızda ən çox məşğul edən fotoaparatla şəkil çəkməkdir. Artıq 15 gündür ki, Bakıya gəldiyini və ən çox bəyəndiyi məkanın məhz İçərişəhər olduğunu deyən qonağın, sən demə, şəkil çəkməsi heç də səbəbsiz deyilmiş. Belə ki, o turist kimi baş çəkdiyi bütün ölkələrdən xatirə olaraq məhz çoxlu fotoşəkillər aparır. Onun suvenirlərlə bağlı fikri maraqlıdır: “Məncə, turist səfər etdiyi ölkədən hansısa taxta və şüşə suvenirlərdən daha çox canlı xatirə aparmalıdır. Əlbəttə ki, bu da ölkənin tarixi və ya görməli yerlərinin şəkilləridir. Məsələn, bu tarixi məkanda, İçərişəhərdə mənim üçün ən çox maraqlı olan bu möhtəşəm və qədim qala divarlarının şəklidir. Onlara baxmaqdan, şəkillərini çəkməkdən zövq alıram, İsveçrəyə qayıdandan sonra isə çəkdiyim şəkilləri həvəslə dostlarıma göstərəcəyəm. Ümumiyyətlə, qədim Bakı - İçərişəhərin özü canlı bir suvenirdir”.
Almaniyanın Ştutqart şəhərindən gələn Ricard və Anya Anderson cütlüyü isə, Bakı da daxil olmaqla, Azərbaycanın bir neçə rayonunda da olmaq niyyətindədir: «Dörd gündür ki, Bakıdayıq. Bizi daha çox mədəniyyət obyektləri maraqlandırır. Bakının dənizkənarı bulvarı, “Eurovision 2012”nin keçirildiyi möhtəşəm “Crystal Hall”, eyni zamanda, Bayraq meydanında ucaldılan hündür bayraq diqqətimizi çox cəlb etdi. Bakıda bu qədər gözəl memarlıq abidələrinin olmasından xəbərimiz yox idi”.
Almaniyalı qonaqlar digər ölkələrə səfər etdikləri zaman bir qayda olaraq müxtəlif suvenirlər aldıqlarını və eyni ənənəni Bakıda da təkrarladıqlarını deyirlər: “Gözəl Şərq ornamentləri ilə bəzədilmiş baş yaylıqları, ənənəvi tarixi papaqlar diqqətimizi cəlb edir. Bunlar çox gözəl əl işləridir və artıq onlardan bir neçəsini həm özümüz, həm də dostlarımız üçün almışıq”.
Bundan başqa, alman cütlük Azərbaycan şərabları və ədviyyatı ilə də maraqlanır: “Azərbaycanda gözəl şərabların olduğunu eşitmişdik. Mən Ştutqartdakı evimdə şərab kolleksiyası toplayıram. Bu kolleksiyama Azərbaycan şərablarını da əlavə etmək istəyirəm”. Qonaqlar Bakı ilə tanışlıqdan sonra Qubaya, oradan isə Xınalığa getmək niyyətindədirlər.
“Xalça və papaqlar diqqətimi çox cəlb edir”
Çindən gələn Çior Cio adlı turistin Bakıda ən çox xoşuna gələn qonaqpərvər insanlarımız və bir də İçərişəhərdir. Özünün dediyi kimi, bu qədim şəhəri gəzmək, xüsusən də bu məkanda salınmış kiçik bağçalarda əyləşib ətrafı seyr etməkdən xüsusi zövq alır.
Amerikalı Con Nillor Cons isə Qafqaz turuna çıxdığını və üç gündür ki, Bakıya gəldiyini deyir: «Azərbaycan xalçaları və papaqları diqqətimi çox cəlb edir. Onların naxışları çox əsrarəngizdir. Suvenir mağazalarınız çox zəngindir və aldığım nümunələr tarixinizi gözəl əks etdirir. Bu suvenirlər Amerikada olan dostlarımızda Bakı haqqında gözəl təsəvvür yaradacaq. İçərişəhər ekzotik bir Şərq şəhəridir. Buradakı qala divarları, məscidlər, ümumiyyətlə, hər şey çox maraqlıdır. Avropa və Şərq memarlığının Bakıda qovuşması şəhərə xüsusi cazibədarlıq, gözəllik verir”.
Əfsanələr ölkəsi Hindistandan gələn Anili isə Bakıda olduğu beş gündə şəhərimizlə kifayət qədər tanış olmaq imkanı əldə edib: “Bu gözəl Şərq ölkəsi və onun paytaxtı Bakı mənim üçün çox maraqlıdır. Ona görə də, şəhərin tarixini və mədəniyyətini özündə əks etdirən suvenirlərlə maraqlanıram. Hələ ki, bir neçə maqnit-suvenir, bir xalça və bir də Azərbaycan çayı almışam. Şəhəriniz məni çox təəccübləndirdi. Tarixi abidələr xüsusilə heyranedicidir”.
Azərbaycanda suvenir istehsal edən müəssisə yaradılır
İndi isə bir neçə kəlmə İçərişəhərdə turistlərə təqdim edilən suvenirlər barədə. Burada ən müxtəlif formalarda suvenirlər ya mağazalarda, ya da küçədə, kiçik köşklərdə satılır. Maraqlıdır, bəs bu suvenirlərdə daha çox hansı mövzular, şəkillər əksini tapır və onlar necə hazırlanır. Mağaza və köşklərdə suvenirlərə baxarkən gəldiyimiz ilkin qənaət belədir: İçərişəhərin müxtəlif görüntüləri əks olunan, eyni zamanda, tarix və mədəniyyətimizlə bağlı müxtəlif suvenirlərin olması ürəkaçandır. Suvenirlər arasında Qız qalasının kiçik maketləri, muğam triosunun kuklaları və müxtəlif personajlar, milli ornamentli çarıqlar, baş örtükləri, şarflar, üzərində Bakının və İçərişəhərdəki tarixi binaların təsviri çəkilmiş boşqablar, fincanlar, təsbehlər, breloklar, rəsm əsərləri və s. var.
Satıcılarla söhbət əsnasında bəlli oldu ki, boşqablar, fincanlar və digər şüşə suvenirlər "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi tərəfindən sifariş edilib hazırlanır. Rəsm əsərləri, təsbehlər və bəzi əl işləmələri sənətkarlar tərəfindən təqdim edilir.
Satıcılarla söhbətdən o da bəlli oldu ki, turistlər daha çox ənənəvi Azərbaycan papaqlarına, yaylıqlarına və bir də üzərində Bakının təsviri olan sənət əşyalarına maraq göstərirlər. Amma satıcıların narazı olduqları bir məqam da var ki, bu da suvenirlərin çeşid və sayının kifayət qədər olmamasıdır. Məsələn, Oqtay adlı suvenir satıcısı bildirir ki, İçərişəhəri gün ərzində yüzlərlə turist ziyarət edir və hər biri də müxtəlif suvenirlərlə maraqlanır: “Doğrudur, sənətkarlarımız tərəfindən suvenirlər hazırlanır. Lakin bunlar pərakəndə formadadır. Əgər bu iş vahid mərkəzdən idarə olunsa, suvenirlərin çeşidi də zəngin olar”.
Onu da qeyd edək ki, bu yaxınlarda Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Zərgərsənaye" İstehsalat Birliyinin bazasında "Azərsuvenir" (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması barədə qərar qəbul edib. Azərbaycanda suvenir istehsal edən müəssisənin yaradılması yəqin ki, bu sahənin inkişafına təkan verməklə yanaşı, ölkəmizi, onun tarix və mədəniyyətini əcnəbi turistlərə daha yaxşı təqdim etmək üçün əlavə zəmin olacaq.
Mehparə