AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu Arxeoloji Ekspedisiyası Ağsu şəhərinin cənubunda, yerli sakinlərin “Xaraba Şəhər” adlandırdıqları orta əsr Ağsu şəhəri yerində aparılan qazıntı işləri zamanı daha bir dəfinə - 24 ədəd gümüş sikkə tapıb. Gümüş sikkələr bir qədər bundan əvvəl aşkar edilmiş 37 ədəd qızıl sikkənin (Holland dukatları) tapıldığı yerdə - 7-ci qazıntı ərazisində üzə çıxarılıb. XVII-XVIII əsrlərə aid edilən gümüş sikkələr Şirvanşahlara məxsus hesab edilir. Hazırda sikkələrin üzərində tədqiqat işləri aparılır.   
   Ekspedisiyanın rəisi tarix elmləri doktoru Qafar Cəbiyevin fikrincə, 7-ci ərazi şəhərgahın maddi-mədəniyyət nümunələri ilə zəngin olan hissələrindəndir. 10 metr dərinlikdən tapılmış, uzunluğu 30, eni isə 8 metr olan bu binanın divarları və şimal hissəsində olan 19 pilləli pilləkəni tamamilə salamat qalmışdır. İlkin ehtimallara görə, anbar hesab edilən bina şəhərə hücum zamanı dağıdılmışdır. Çökmüş tavanın altından top mərmilərinin qalıqları, habelə çaxmaqlı tüfəng güllələri aşkar olunub. Digər ərazilər də maddi-mədəniyyət nümunələri ilə zəngindir. Belə ki, 2-ci qazıntı ərazisində, hətta qızıl bəzək əşyası da tapılıb. Hazırda 7-ci ərazidə qazıntı işləri davam etdirilir.

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar