Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub.

Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 1918-ci il soyqırımı hadisələrindən söz açılıb, bu mövzuda slayd nümayiş olunub.

Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas fortepiano kafedrası tələbələrinin ifasında soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət musiqi proqramı ilə davam edib.

***

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində də Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

Tədbirin təşkilatçısı – məktəbin müəllimi, musiqişünas Nabat Əsgərova 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş kütləvi qırğınlar haqqında danışıb. Məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli də xalqımızın qan yaddaşı olan bu faciə barədə söz açıb.

Məktəbin şagirdi Nərgiz Məmmədovanın mövzu ilə bağlı çıxışı, kamança ixtisası üzrə müəllim Elnur Məmmədovun ifası dinlənilib.

***

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən M.Ə.Sabir adına şəhər Kütləvi kitabxanasında “Dəyişilməz xislət” adlı səyyar sərgi təşkil olunub.

Sərgidə muzeyin fondlarında qorunub saxlanılan, 1918-ci il soyqırımını əks etdirən fotoşəkillər nümayiş olunub. Fotosərgiyə baxış zamanı muzeyin əməkdaşı tərəfindən şagirdlərə ətraflı məlumat verilib.