UNESCO-nun “İpək Yolu” proqramının 35 illiyi qeyd ediləcək

 

Aprelin 6-da Parisdə, UNESCO-nun qərargahında təşkilatın “İpək Yolu” proqramının 35 illiyi qeyd ediləcək. Tədbir Azərbaycan, Çin, Qazaxıstan, Monqolustan və Omanın UNESCO yanında daimi nümayəndəlikləri tərəfindən birgə təşkil olunacaq.

Tədbir “İpək Yolu – müxtəliflik, dialoq və sülh” adlı beynəlxalq forumla başlayacaq. Forumda beş təşkilatçı ölkənin nümayəndələri, beynəlxalq ekspertlər iştirak edəcəklər. Forumun məqsədi UNESCO-nun “İpək Yolu” proqramının mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi və sülh mədəniyyətinin qurulması sahəsində qazandığı nailiyyətləri müəyyən edərək qiymətləndirməkdir. Həmçinin indiki qlobal kontekstdə mədəniyyətlərarası dialoq və mədəni müxtəliflik üzrə bacarıqların möhkəmləndirilməsi üçün proqramın istiqamət və məqsədləri nəzərdən keçiriləcək.

Tədbir çərçivəsində “Gənclərin İpək Yoluna baxışı” fotomüsabiqəsinin rəsmi təqdimatı da keçiriləcək. UNESCO-nun qərargahı qarşısında açılacaq sərgidə müsabiqədə seçilmiş 140 foto yer alacaq. “İpək Yolu” boyunca bilik və bacarıqların mübadiləsinə həsr olunmuş qısametrajlı film nümayiş olunacaq.

Tədbir “İpək Yolunda gənclərin tədqiqat təqaüdü” mövzusunda elmi simpoziumla davam edəcək. Simpozium gənc tədqiqatçıları və UNESCO-nun “İpək Yolu” gənclər tədqiqat təqaüdünün birinci nəşrinin benefisiarlarını bir araya gətirəcək.

Tədbir proqramı sənədli film nümayişi və Azərbaycan, Qazaxıstan və Çin incəsənət nümayəndələrinin iştirak edəcəyi konsertlə başa çatacaq.

Qeyd edək ki, UNESCO-nun “İpək Yolu” proqramı 1988-ci ildə “İpək Yolunun inteqral tədqiqatı, dialoq yolları (1988-1997)” adlı elmi ekspedisiya, sahə araşdırmaları, konfranslar vasitəsilə Şərq və Qərb xalqları arasında mədəni qarşılıqlı əlaqələri işıqlandıran təşəbbüslə başlayıb. 2012-ci ildə ikinci mərhələyə start verildikdən sonra proqram biliklərin inkişafı, səfərbərliyi və yayılması, tərəfdaşlıq və şəbəkənin qurulması, gənclərin səlahiyyətlərinin artırılması kimi üç əsas sahəyə diqqət yetirib.