Ötən ay (16 mart) Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə toplantısı keçirildi. Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurumdan millət vəkili, qardaş ölkəni Avropa Parlamentinin Parlament Assambleyasında təmsil edən Kamil Aydın zirvənin əhəmiyyətini yüksək qiymətləndirdi.

K.Aydın deyir ki, əslində, bu tədbirin “Türk dünyasının mədəniyyət paytaxtı”  Şuşada keçirilməsi nəzərdə tutulmuşdu: “Tədbir 5 üzv, 3 müşahidəçi türk dövlətinin iştirakı ilə baş tutdu. Əslində, bu toplantının Şuşada keçirilməsi nəzərdə tutulmuşdu və indiki şəraitdə çox böyük əhəmiyyət kəsb edirdi. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyev humanizm nümayiş etdirərək fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələdən sonra həmin görüşün Ankarada keçirilməsi təklifini irəli sürdü. “Əsrin fəlakəti” kimi dəyərləndirilən bu zəlzələ Hollandiyanın ərazisindən 3 dəfə böyük bir regionu əhatə edirdi. Bu zəlzələlər 15 milyona yaxın insanın həyatına öz təsirini göstərdi, 50 min insanımızın həyatına son qoydu, 100 min nəfər yaralandı, 11 bölgəmizdə böyük dağıntılara yol açdı. Odur ki, cənab İlham Əliyevin bu addımı Türkiyədə dövlət və cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Onsuz da Azərbaycan ilk gündən qardaş köməyini göstərdi və hələ də bu dəstək davam edir. Eləcə də bütün Türk dünyasından dəstək var”.

Millət vəkili deyir ki, zirvə toplantısında bir çox qərarlara imza atılıb: “Bu günə qədər keçirilən zirvə toplantılarında verilən qərarlar bir sonrakı zirvədə təkmilləşdirilərək təsdiq olunub, icra prosesinə daxil edilir. Sözügedən toplantıda da “Türk dünyasına baxış – 2040” sənədinə və 8-ci Zirvə görüşünün müvafiq bəndinə uyğun olaraq, bundan sonra yaşanacaq təbii fəlakətlərlə bağlı həm ikitərəfli əlaqələrlə, həm də TDT nəzdində əməkdaşlığın və birlikdə mübarizənin aparılmasına dair təşkilatın mülki müdafiə mexanizminin qurulması ilə əlaqədar qərar qəbul olundu. Belə bir dəstək həm də təkcə TDT nəzdində deyil, dünyanın harasında bir təbii fəlakət olarsa, birlikdə veriləcək ki, bu da çox humanist bir qərardır”.

Həmsöhbətimiz Türk İnvestisiya Fondunun yaradılmasının da böyük əhəmiyyət kəsb etdiyini deyir. Bildirir ki, öncəki görüşlərdə də əhəmiyyəti xüsusilə vurğulanan ticarət, nəqliyyat, strateji, mədəni və iqtisadi əməkdaşlığın gündən-günə genişləndirilməsi üçün lazım olan addımların atılması və Türk İnvestisiya Fondunun yaradılması bu baxımdan çox əlamətdar hadisədir. BMT nəzdində “Dünya Türk Dili Günü”nün keçirilməsinə TDT-nin tam dəstək verməsi qərarı çox təqdirəlayiq bir addımdır. “Müşahidəçi dövlətlərin TDT-nin fəaliyyətlərinə aktiv cəlb olunması da qiymətləndirildi ki, bu da çox önəmli məsələlərdən biridir. Avropanın bəzi ölkələrində müqəddəs kitabımız “Qurani-Kərim”ə və mənəvi dəyərlərimizə edilən hücumlara qarşı birgə mübarizə, Azərbaycanın İrandakı Səfirliyində törədilən terror aktının qınanması və günahkarın tezliklə tapılıb məsuliyyətə cəlb edilməsi çağırışı da TDT-nin əməkdaşlığının möhkəmləndiyini bir daha sübut etdi. Türk dünyası Azərbaycanla eyni mövqe nümayiş etdirməkdədir. TDT vahid güclə, vahid səslə Azərbaycanın yanında olduğunu sübut etdi”, – deyə K.Aydın əlavə etdi.

Mehparə Sultanova
Ankara