Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edib.

Akademiyadan bildirilib ki, sənəd qəbulu aprelin 5-dən mayın 5-dək iş günlərində saat 10:00-dan 17:00-dək AMEA-nın müvafiq elmi müəssisələrində aparılacaq.

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dil, fəlsəfə və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar (azı 2 il elmi və ya elmi-pedaqoji iş stajı) müraciət edə bilərlər. Dissertanturaya qəbul olmaq istəyən şəxs xarici dil üzrə ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında keçid balını toplamalıdır.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.