Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Ermənilərin saxtalaşdırdığı Azərbaycan xalq rəqsləri” mövzusunda elmi-nəzəri seminar keçirilib. Seminarı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli aparıb.

Qeyd olunub ki, bu gün dünyanın bir sıra yerlərində ermənilər ifa etdikləri Azərbaycan mahnı və rəqs havalarının musiqisini erməni folkloru kimi təqdim edirlər. Sovet dönəmindən üzü bəri “Uzundərə”, “Yaylığım”, “Tərəkəmə”, “Fincan”, “Köçəri”, “Cangülüm”, “Ceyranım”, “Mirzəyi”, “İnnabı” və bir çox rəqs havalarını öz adlarına çıxaraq kitablar nəşr etdiriblər. Ölkəmizdə aparılan araşdırmalarda bu kimi musiqilərin və rəqs havalarının Azərbaycan musiqisi ladlarına xas olduğu sübuta yetirilib. Bu gün erməni toylarında və digər tədbirlərdə səsləndirilən mahnı və rəqs havalarının, demək olar ki, çox hissəsini Azərbaycan xalq musiqisinin nümunələri, qalan hissəsini isə türk, tatar musiqiləri təşkil edir.

Tədbirdə bir neçə qədim Azərbaycan xalq rəqs havasının audio və video yazısı nümayiş etdirilib, onların nota alınma tarixi haqqında məlumat verilib.

Sonda BXA tələbələrinin ifasında “Çal, oyna” və “Bayannur” (Yallı) qədim Azərbaycan xalq rəqsləri nümayiş etdirilib.