Ofil İsmayılov: “Məqsədimiz ölkəmizi xarici turistlərə daha yaxından tanıtmaqdır”
   
   Onlarla ilk tanışlığım üç il əvvəl Şəkiyə infotura gedən zaman olmuşdu. Hər abidənin, hər tikilinin tarixi ilə dərindən maraqlanan bu cütlük diqqətimi cəlb etmişdi. Səfərimiz müddətində Səbinə və Ofil İsmayılovlarla daha yaxından tanış olmaq imkanı əldə etdim. Öyrəndim ki, onlar «Big Azeri-tour» turizm şirkətini təsis ediblər. Eyni zamanda «Travel across Azerbaijan» («Puteşestvie po Azerbaydjanu») adlı jurnal nəşr etməyə başlayıblar.
   Bu günlərdə həmin jurnalın 3-cü sayı ilə tanış oldum. Nəşrdə Azərbaycanın bölgələri, tarixi və dini abidələri, təbiəti, mətbəxi haqqında ətraflı məlumat almaq mümkündür. Zəng edib onlarla görüşmək istədiyimi bildirdim. Razılaşdıq.
   Həmsöhbətlərimə ilk sualım onlarda Azərbaycanın tarixinə, mədəniyyətinə, turizm potensialına sonsuz marağın necə yaranması barədə oldu. Suallarımızı Ofil İsmayılov cavablandırdı:
   
   - Bilirsiniz ki, biz eyni zamanda turizm fəaliyyəti ilə də məşğul oluruq. İşimizlə bağlı Azərbaycanın hər bir tərəfini gəzirik. Əvvəllər Azərbaycan haqqında elə də geniş bilgiyə sahib deyildik. Çox vaxt xarici ölkələr haqqında ağızdolusu danışırlar. Amma inandırım sizi ki, Azərbaycanda elə yerlər var ki, heç o məkanlara İsveçrədə də rast gəlmək mümkün deyil. Rəhbərlik etdiyimiz şirkət daha çox daxili turizm fəaliyyəti ilə məşğul olur. İstəyirik ki, insanlar bu qədər gözəlliyi olan bir diyarı qoyub, xarici ölkələrə üz tutmasınlar. Jurnalı nəşr etməkdə də əsas məqsədimiz Azərbaycanın mövcud gözəlliklərini, turizm potensialını həm yerli vətəndaşlarımıza, həm də əcnəbilərə tanıtmaqdır.
   Xarici turistlər ölkəmizə səfər etdikləri zaman onların əksəriyyəti sadəcə Bakı və Abşeronu gəzirlər. Dəfələrlə olub ki, onlara jurnalı təqdim etmişik. Etiraf ediblər ki, Azərbaycanda bu qədər gözəl məkanlar olduğunu bilmirlər. Və söz veriblər ki, növbəti dəfə gələndə mütləq bu yerlərə baş çəkəcəklər. Həmin əcnəbilərdən sonra bir dəfə yox, iki, hətta üç dəfə Azərbaycana gələnlər və jurnalda gördükləri yerlərə gedənlər olub. Bizim istədiyimiz də elə budur.
   - Jurnaldakı materiallara nəzər saldıqda görünür ki, haqqında yazdığınız hər hansı bir tarixi yer, abidə barədə kiçik informasiya ilə kifayətlənmirsiniz. Abidələrin tikilmə tarixi, memarlığı və s. barədə ətraflı məlumatlar yer alır. Yəqin bunun üzün müxtəlif kitablara, mənbələrə müraciət etməli olursunuz?
   - Bizim evdə Azərbaycanın tarixi, mədəniyyəti, irsi ilə bağlı çoxlu kitablar var. İlk olaraq tarixi məkanlarımız, qədim yerlərimiz haqqında oradan məlumatlar alırıq. Bu kitablarda hər hansı tarixi abidə haqqında müxtəlif məlumatlar yer alır. Ona görə də bizdə maraq yarandı ki, əslində bu abidələrin tarixi necədir? Həmin məkanlara səfərlərimiz zamanı oradakı ağsaqqallarla görüşürük, bu abidələr haqqında ətraflı bilgilər toplayırıq. Bütün məlumatları ümumiləşdirəndə müəyyən bir qənaətə gəlmək olur. Biz öz jurnalımızda hər hansı faktı səhv yaza bilmərik. Çünki buna sadəcə haqqımız yoxdur. İnsanlar tarixi abidələr, qədim məkanlar haqqında düzgün məlumatlar almalıdır. Düşünürəm ki, bunu da onlara biz çatdırmalıyıq. Ona görə də çalışırıq ki, verdiyimiz məlumatlar dəqiq olsun.
   - Dediklərinizdən belə çıxır ki, siz əvvəlcə turist kimi bölgələrə gedirsiniz, sonra isə jurnalist kimi həmin bölgədəki tarixi abidələr barədə məlumatları əldə edirsiniz?
   - Biz hələ səfər edəcəyimiz bölgə haqqında oraya getməmişdən əvvəl məlumatlar toplayırıq. Məsələn, həmin bölgədə hansı maraqlı tarixi abidə var, bu abidənin tarixi haqqında lazımi məlumat varmı və s. Müxtəlif ölkələrin tarixçilərinin vaxtilə Azərbaycana səfərləri zamanı bu ölkə və onun regionları haqqında yazdıqlarına da diqqət edirik. Bu məlumatları internet vasitəsilə və yaxud xarici səfərlərimiz zamanı maraqlanıb əldə etdiyimiz kitablardan alırıq. Səfərdən əvvəl gedəcəyimiz rayonun kəndləri ilə də maraqlanırıq. Çünki adətən həmin kəndlərdəki yaşlı insanlardan çoxlu maraqlı məlumatlar almaq mümkün olur.
   - Azərbaycanın səfər edə bilmədiyiniz bölgəsi varmı?
   - Əlbəttə. Azərbaycan o qədər böyük və zəngindir ki, məncə, onu öyrənməyə bir insan ömrü yetməz. Görün, ölkəmizdə nə qədər rayon, bu rayonların nə qədər kəndi var. Azərbaycanın hər qarışı bir tarixdir. Elə vaxt olur ki, bir rayona bizə lazım olan məlumatı əldə etmək üçün bir neçə dəfə gedirik. Hər səfərimizdə də ən azı 3-4 gün qalırıq.
   - Əgər sirr deyilsə, jurnalınızın növbəti sayında hansı bölgələrlə bağlı materialları oxuya biləcəyik?
   - Şamaxı, İsmayıllı və Naxçıvanla bağlı. Naxçıvan bir turist kimi bizim üçün yeni bir məkandır. Hesab edirəm ki, Naxçıvanın çox böyük turizm potensialı var. Bunu həm tarixi baxımdan, həm təbiət gözəllikləri, turizm imkanları baxımından demək olar. Yəqin ki, bu bölgə ilə bağlı məlumatlar bizim oxucularımız üçün də maraqlı olacaq.
   - Jurnalınız hazırda iki dildə - rus və ingilis dillərində nəşr olunur. Gələcəkdə Azərbaycan dilində də nəşr edilmək niyyətiniz varmı?
   - Bu jurnalı ilk dəfə çıxarmağa başlayanda məqsədimiz o idi ki, xarici turistləri ölkəmizə cəlb edək. Amma özümüz bu işin içində olanda anladıq ki, elə özümüz də Azərbaycan haqqında az bilgilərə malikik. Bu jurnalı yaza-yaza biz də öyrənirik. Ona görə də jurnaldakı materialların Azərbaycan dilində də nəşrinə ehtiyac var və yaxın gələcəkdə bunu edəcəyik. Bu, eyni zamanda jurnalın regionlarda da satılmasına səbəb olacaq. Çünki regionlarda olduğumuz zaman adi insanlardan çox kömək görürük.
   - Jurnalın dövriliyini artırmağı planlaşdırırsınızmı?
   - Hələ ki istəyirik, dövriliyi ildə iki dəfəyə çatdıraq. Səhifələrin sayını da artıracağıq. Bilirsiniz, məlumatları əldə etmək, onları sistemləşdirmək, rus və ingilis dillərinə tərcümə etmək və s. çox vaxt aparır. Bunların hamısı maliyyə tələb edir. Bizdə reklamlar da o qədər deyil. Düzünü deyim ki, bunda əvvəllər özümüz də o qədər maraqlı deyildik. Çünki istəmirdik ki, jurnal reklamlara görə alınsın. İstəyirdik, jurnalımız içərisindəki materiallara görə tanınsın və sevilsin. Hesab edirəm ki, artıq bu məqsədimizə çatmışıq. Jurnalımız hələ ki özü özünü maliyyələşdirə bilir.
   Yaxın günlərdə oxucular jurnalın elektron variantını da oxuya biləcəklər. Bununla bağlı xarici ölkələrdən bizə tez-tez müraciətlər olurdu. Jurnaldakı bütün materiallar www.travel-azerbaijan.info saytında Azərbaycan, rus və ingilis dillərində yerləşdiriləcək. Bundan əlavə, saytda ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri, hotellər, restoranlar və s. haqqında da məlumatlar olacaq. Bununla Azərbaycanın turizm potensialının dünyada tanıdılmasına, kiçik də olsa, töhfə verə biləriksə, özümüzü çox xoşbəxt hesab edərik.

Fəxriyyə Abdullayeva 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar