Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 1918-ci ildə azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib.
ATMU-dan bildirilib ki, tədbirdə çıxış edən rektor İlham Mədətov XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin “böyük Ermənistan” adlı qondarma ideyanın gerçəkləşməsi yolunda azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarının zaman-zaman təkrarlandığını qeyd edib. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” fərmanın bu tarixə siyasi qiymət verən proqram sənəd olduğunu deyən rektor həmin fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini diqqətə çatdırıb.
İctimai fənlər kafedrasının professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı qeyd edib ki, ötən əsrin əvvəllərində imperialist dairələrin birbaşa dəstəyi, həmçinin təşkilatçılığı ilə silahlı erməni millətçiləri və daşnak birləşmələri tərəfindən Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və digər bölgələrdə ağlagəlməz qətliamlar törədilib. Minlərlə soydaşımız qəddarlıqla öldürülüb. Qeyd olunub ki, Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.
Tədbirdə universitetin tələbələrinin də mövzu ilə bağlı çıxışları dinlənilib.