AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanan “Əmir Xosrov Dəhləvi” monoqrafiyası çapdan çıxıb.

İnstitutdan bildirilib ki, Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsində hazırlanmış kitab “Sənətkarın elmi pasportu seriyası”nın 39-cu nəşridir. Kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, ön sözünün müəllifi və məsul redaktoru filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyevadır.

Kollektiv monoqrafiyada Nizami Gəncəvinin layiqli davamçılarından biri – Hindistanda farsdilli ədəbiyyatın tanınmış nümayəndəsi Əmir Xosrov Dəhləvinin (1253-1325) dövrü, həyatı, əsərləri və sənətkarlığı elmi cəhətdən öyrənilir. Kitabda şairin əsərlərində N.Gəncəvi “Xəmsə”sinin təsiri, habelə ölkəmizdə Dəhləvi irsinin tədqiqi, tərcüməsi və nəşri sahəsində Azərbaycan alimlərinin gördüyü işlər dəyərləndirilir.

Nəşrdəki araşdırmalar Ədəbiyyat İnstitutunun alimlərindən İmamverdi Həmidov, Könül Hacıyeva, Nüşabə Araslı, Zəhra Allahverdiyeva, Vəfa Hacıyeva və Bəsirə Əzizəliyevaya məxsusdur. Kitabda Dəhləvinin “Şirin və Xosrov” əsərindən parçalar da yer alıb.