Afrika ölkələrindən gələn qonaqlar azad olunmuş torpaqlardakı quruculuqla da tanış olacaqlar

 

Aprelin 3-də ADA Universitetində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə təlim proqramı başlayıb. Təlim Afrikanın 10 ölkəsinin UNESCO üzrə Milli komissiyalarının baş katiblərini bir araya gətirib.

Proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, sözügedən regionda ölkəmiz barədə məlumatlılığın artırılması, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri ilə bağlı məlumatların çatdırılmasıdır.

Təlimin açılış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, UNESCO üzrə Milli Komissiyanın baş katibi Seymur Fətəliyev çıxış ediblər. Həmçinin UNESCO-nun Efiopiyadakı Əlaqələndirici Ofisinin rəhbəri xanım Rita Bissonautun və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyevanın çıxışları dinlənilib.

Fariz İsmayılzadə təlimin Azərbaycanla Afrika ölkələrinin UNESCO üzrə Milli komissiyalarının əməkdaşlığını və ikitərəfli əlaqələrini inkişaf etdirəcəyini bildirib.

Seymur Fətəliyev ölkəmizin UNESCO üçün mühüm və etibarlı donor tərəfdaşı olduğunu və təşkilatın prinsip və dəyərlərinin təşviqində müstəsna rol oynadığını qeyd edib.

Ölkəmizin ev sahibi olduğu beynəlxalq tədbirlərdən bəhs edən Fərhad Hacıyev bu ilin iyun ayında UNESCO Qlobal İdman Konfransının keçiriləcəyini diqqətə çatdırıb.

Rita Bissonaut UNESCO ilə Afrika ölkələri arasındakı münasibətlərdən, üzv ölkələrin və qurumun Afrika qrupunun birgə müəyyənləşdirdiyi 2022-2029-cu illər üzrə yeni Əməliyyat Strategiyasından bəhs edib.

Aygün Hacıyeva İnkişaf və Diplomatiya İnstitutunun fəaliyyətindən söz açıb, ümidvar olduğunun bildirib ki, təlim iştirakçıları ölkəmizə səfər çərçivəsində Azərbaycanla bağlı biliklərini zənginləşdirməklə yanaşı, yeni peşəkar əlaqələr qurmaq fürsəti də əldə edəcəklər.