“Baykar” məhsullarının Vətən müharibəsində rolu bir daha qeyd edilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib.

Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb və Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan rəhbərinə minnətdarlığını bir daha ifadə edib.

Dövlətimizin başçısı salamlara görə təşəkkürünü bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyərək, Azərbaycanın Türkiyəyə yardımını qardaşlıq borcu kimi dəyərləndirib.

İlham Əliyev bu yaxınlarda Ankarada Rəcəb Tayyib Ərdoğanla görüşünü və onun Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq, Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Prezident Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb. Dövlət başçısı “Baykar”ın istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində rolunu bir daha qeyd edib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin, bütün digər sahələrdə olduğu kimi, hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda dövlət başçısına xatirə hədiyyəsi təqdim olunub.