F.Köçərli adına Respublika Uşaq Kitabxanasında paytaxtda fəaliyyət göstərən 7 nömrəli tam orta məktəbin şagirdlərinin gənc yazıçı Xülya Cəfərova ilə görüşü keçirilib.

Kitabxananın elmi işlər üzrə direktor müavini çıxış edərək uşaqların bilgilər əldə etməsində, dünyagörüşünün formalaşmasında ədəbiyyatın əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, uşaq ədəbiyyatı onların sağlam düşüncəyə malik vətəndaş kimi formalaşmalarına güclü təsir göstərir.

Xülya Cəfərova fantastika janrında olan, “Külək - Yel kürəsinin şahzadəsi” adlı ilk romanından bəzi hissələri məktəblilər üçün səsləndirib. Azərbaycan ədəbiyyatında ilk milli superqəhrəmanların macəralarından bəhs edən kitabda "Yel kürəsi"nin fövqəlgüclərə malik olan superqəhrəmanlarının timsalında xeyirlə şərin əbədi mübarizəsinə fərqli prizmadan yanaşılıb.

Sonda yazıçı şagirdlərə “Külək – Bozqurdun sirri” kitabını hədiyyə edib, xatirə şəkilləri çəkdirilib.