AMEA Rəyasət Heyəti aparatı Elektron akademiya şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada Nizami Gəncəvi adına Ədəbiyyat və Məhəmməd Füzuli adına Əlyazmalar institutlarının əməkdaşları üçün “Vikipediya” təlimlərinə başlanılıb.

AMEA-dan bildirilib ki, təlimlər Mərkəzi Elmi Kitabxananın əməkdaşları tərəfindən keçirilir. Məqsəd AMEA-nın hər bir institutunda könüllü “Vikipediya” qruplarının formalaşdırılmasıdır. Həmin qruplar məqalələrin redaktəsi və yeni məqalələrin yaradılması işini görəcəklər. Təlimlərə könüllülər tərəfindən də böyük maraq var. Eyni zamanda Azərbaycan İlahiyyat İnstitutunun tələbə və magistrantları da könüllü surətdə təlimlərdə iştirak edirlər.

Yaxın günlərdə AMEA-nın digər institutlarının könüllü əməkdaşlarına da təlimlərin keçirilməsi nəzərdə tutulub.