Kanadanın Ontario əyalətinin inzibati mərkəzi olan Toronto şəhərinin Nort York rayonunda Azərbaycan Evi açılıb. Toronto Kanadanın ən böyük şəhəridir, əhalisi 3 milyona yaxındır.

Aprelin 3-də keçirilən açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Kanada hökumətinin və parlamentinin təmsilçiləri iştirak ediblər.

Tədbirə moderatorluq edən Kanadanın keçmiş multikulturalizm naziri Toni Ruprext Azərbaycan Evinin milli mədəniyyətin qorunub saxlanılması, gənc nəslə ötürülməsi baxımından önəmini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kanadada Azərbaycan Evinin açılması münasibətilə soydaşlarımızı təbrik edib, bu hadisəni dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısının təzahürü kimi qiymətləndirib.

Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Filip Lourens, parlament üzvü Ali Ahsasi, yerli (əyalət) hökumətin üzvü Maykl Tibollo, Türkiyənin Torontodakı baş konsulu Sinem Mingan, Qızılbaş Qlobal İrsi Şurasının regional rəhbəri Arşi Qızılbaş mühüm hadisə ilə bağlı Azərbaycan icmasını təbrik ediblər.

Mərasim Azərbaycan icmasının 200-dən çox üzvü ilə daha geniş tərkibdə davam edib. Güney Azərbaycandan olan soydaşlarımızın da qatıldığı tədbirdə çıxış edən Fuad Muradov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə Ontario əyalətində geniş məlumatlandırma kampaniyası apardıqlarına və irimiqyaslı aksiyalar təşkil etdiklərinə görə icma üzvlərinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyevin 2022-ci ildə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələri xatırladan komitə sədri xaricdəki həmvətənlərimizin həmrəyliyinin təmin olunması haqqında məlumat verib, koordinasiya şuralarının, Azərbaycan evlərinin və Azərbaycan həftəsonu məktəblərinin fəaliyyət istiqamətlərindən danışıb.

Komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə videohesabat, maarifləndirici videoçarxlar təqdim olunub.

Komitə sədri soydaşlarımızın təkliflərini dinləyib, sualları cavablandırıb.

Kanadadakı “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Azərbaycan Evinin rəhbəri Lalin Həsənova fəaliyyət istiqamətləri barədə məlumat verib.

Tədbir bədii hissə ilə davam edib. Azərbaycanın Xalq artisti, vokalçı Həsən Enaminin, “Təbriz” mahnı və rəqs ansamblının, skripkaçı Ceyhun İsmayılovun ifasında Azərbaycan xalq və bəstəkar mahnıları təqdim olunub.