Azərbaycan Turizm İnstitutunun (ATİ) layihəsi Avropa İttifaqının ali təhsil üzrə TEMPUS proqramının qalibi olub. Bu barədə qəzetimizə məlumat verən institutun prorektoru Eldar Aslanov bildirdi ki, layihənin məqsədi turizm üzrə bakalavr və magistr kurrikulumlarının, həmçinin Avropa ölkələri üçün ortaq model kurrikulumun hazılanmasıdır: “Üç il ərzində biz Azərbaycanın, Gürcüstanın, keçmiş postsovet məkanından daha bir neçə ölkənin, həmçinin də Almaniyanın Yade Univesiteti ilə birlikdə bu layihəni həyata keçirəcəyik.
   Layihə çərçivəsində müxtəlif tədbirlər və tədqiqatlar nəzərdə tutulub. Dünyanın müxtəlif ölkələrinin universitetlərinin mütəxəssislərinin iştirakı ilə seminarlar təşkil edəcəyik. Bakalavr və magistr üzrə beynəlxalq davamlı turizm proqramı hazırlayacağıq. Bu elə proqram olmalıdır ki, həm Avropa, həm postsovet ölkələri, həm də digər ölkələrin universitetləri turizm üzrə kadr hazırlayanda istifadə etsinlər”.
   Prorektorun sözlərinə görə, TEMPUS proqramına müxtəlif istiqamətlər üzrə hər il yüzlərlə universitet layihələr təqdim edir. ATİ ilə yanaşı, digər ölkələrin ali təhsil ocaqları da həmin proqramın qalibi olub. Azərbaycandan isə turizm təhsili istiqamətində yalnız ATİ-nin layihəsi keçib: “Onu da qeyd edim ki, biz bu layihəni tək hazırlamamışıq. Bakı Turizm İnformasiya Mərkəzini, Azərbaycan Turizm Assosiasiyasını, Mingəçevir Turizm Kollecini, Azərbaycanda turizm təhsili verən digər turizm müəssisələrini layihəyə cəlb etmişik”.
   E.Aslanov bildirdi ki, ATİ-dən başqa bu il TEMPUS proqramı üzrə Azərbaycanın daha iki universitetinin - Qafqaz və Xəzər universitetlərinin də layihələri dəstəklənib: «Bu mövzu üzrə Azərbaycandan 10, Gürcüstandan 7, Ermənistandan 8, Avropa ölkələrindən onlarla ali məktəb layihə təqdim etmişdi. Cəmi 6 ildir fəaliyyət göstərən bir universitet kimi ATİ-nin layihəsinin belə bir nüfuzlu beynəlxalq proqramda dəstəklənməsi bizi çox sevindirir”.

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar