Prezident İlham Əliyev: “Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər”

 

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev 5-6 aprel tarixlərində Tacikistana dövlət səfəri edib. Aprelin 5-də Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək və  geniş tərkibdə görüşləri olub.

Görüşdə Tacikistan və Azərbaycan xalqlarını qədim tarixi köklərə malik olan dostluq telləri bağladığını deyən Emoməli Rəhmon bu gün dövlətlərarası əlaqələrin  geniş spektr üzrə ardıcıl surətdə inkişaf etdiyini bildirib: “Bu qarşılıqlı fəaliyyət siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edir. Biz Azərbaycan Respublikası ilə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetiririk. Əminəm ki, bu gün əldə ediləcək razılaşmalar münasibətlərimizin gündəliyini keyfiyyətcə yeni məzmunla zənginləşdirəcək”.

Prezident İlham Əliyev də iki ölkə arasında münasibətlərin qarşılıqlı dostluq üzərində qurulduğunu vurğulayıb: “30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlər dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq. Biz həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırıq. Dövlət səfəri çərçivəsində yeni qərarlar qəbul ediləcək, çoxlu sənədlər imzalanacaq, onlar münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək”.

Dövlət başçılarının görüşündən sonra ikitərəfli sənədlər imzalanıb. Sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident Emoməli Rəhmon bildirib ki, diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər. İki ölkə arasında  , qarşılıqlı etimada əsaslanan əlaqələrin yaradılmasında Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin rolunu xüsusi vurğulayan Emoməli Rəhmon may ayında Heydər Əliyevin 100 illiyinin Tacikistanda da qeyd ediləcəyini deyib.

Prezident İlham Əliyevin səfərinin həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamı olduğunu vurğulayan Tacikistan rəhbəri deyib: “Bu əlaqələrin əsasını hər bir tacikin evində dərin hörmət bəslənən, misli-bərabəri olmayan Nizami Gəncəvi qoyub. Buna görə də bizim danışıqlar, həmişəki kimi, qurucu xarakter daşıyıb, ikitərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə və dərinləşdirilməsinə yönəlib...”.

Ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələrdən bəhs edən Emoməli Rəhmon əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılığa gəlindiyini bildirib: “Danışıqlar çərçivəsində biz investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri üzərində ayrıca dayandıq. Energetika sektorunda Tacikistanın neft-qaz yataqlarının işlənilməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduğumuzu təsdiq etdik. Biz Azərbaycanın əlverişli tranzit imkanlarından fəal istifadə olunmasını davam etdirəcək, Tacikistanın dövlət və kommersiya strukturlarının yükdaşıma həcmlərini artıracağıq. Danışıqlarda münasibətlərimizin humanitar istiqaməti mühüm yer tutdu. Təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığı genişləndirməyə qarşılıqlı hazır olduğumuzu təsdiq etdik... Bugünkü danışıqların yekunları ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə və xoş ümidlərlə baxmağımıza imkan verir”.

 

“Sabitlik olmasa, tərəqqi olmaz”

 

Heydər Əliyevin xatirəsinə səmimi münasibətə görə Tacikistan rəhbərinə təşəkkürünü bildirən Azərbaycan Prezidenti qeyd edib ki, bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir: “O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Buna görə düşünürəm ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir. Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər”.

Aparılan danışıqların çox səmərəli olduğunu bildirən İlham Əliyev vurğulayıb ki, bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürümüz var: “Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Biz Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq. Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur.

Mən əsla şübhə etmirəm ki, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Biz hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılığa gəldik. Əminəm ki, hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verdiyimiz bütün tapşırıqlar yerinə yetiriləcək”.

 

“Mədəni sahədə əlaqələrimizin möhkəm təməli var”

 

Azərbaycan Prezidenti mədəni sahədə qarşılıqlı əlaqələrin də möhkəm təməli olduğunu xüsusi qeyd edib: “Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Demək istərdim ki, tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsinin azərbaycanlı heykəltəraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılması heç də təsadüfi deyil. Bu abidə 1960-cı illərdə Düşənbədə qoyulub.

Digər məşhur Azərbaycan heykəltəraşı Ömər Eldarov Sədrəddin Ayninin və İbn Sinanın abidələrini yaradıb. Yəni, bunlar çox şeyə dəlalət edir. Tacik xalqının görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının Azərbaycan nümayəndələrinə etibar edilməsi böyük etimad, dostluq, qardaşlıq deməkdir. Biz onu da bilirik ki, Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Əminəm ki, biz bu gün təhsil sahəsində də, başqa sahələrdə də qəbul etdiyimiz bütün qərarları yerinə yetirəcəyik”.

Tacikistandan 50-yə yaxın kursantın Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil aldığını deyən Prezident İlham Əliyev bu sayın artırılmasına şərait yaradılacağını bildirib.

Tacikistana üçüncü dəfə rəsmi səfərə gəldiyini, həmkarı Emoməli Rəhmonun da Azərbaycana üç rəsmi səfər etdiyini diqqətə çatdıran dövlət başçısı sonda deyib: “Bu, bizim münasibətlərin dinamikasına dəlalət edir. Fikrimcə, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq”.