Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Tacikistan Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində 2023-2024-cü illər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli və Tacikistan Respublikasının mədəniyyət naziri Zulfiya Davlatzoda imzalayıblar.

Bundan əlavə, Azərbaycanın Şuşa şəhəri ilə Tacikistanın İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında, iki ölkə arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında, Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında, gömrük qurumları arasında mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili sənədlər, iqtisadi əməkdaşlıq üzrə tədbirlər planı, kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinə dair yol xəritəsi, Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq proqramı, investisiyalar, startapların təşviqi və sahibkarlıq, turizm, bank və digər sahələrdə əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.