Respublika Uşaq Kitabxanasının uşaq və yeniyetmələr üçün təsis etdiyi “Göy qurşağı” jurnalının yeni, 77-ci nömrəsi işıq üzü görüb.

32 səhifədən ibarət jurnalın əvvəlində bu il anadan olmasının 160 illiyi qeyd edilən, Azərbaycan ədəbiyyatı tarixinə dair qiymətli araşdırmalar aparmış, ölkəmizdə maarifçilik hərəkatının öndəri olmuş Firidun bəy Köçərli (1863-1920) haqqında ətraflı məlumat verilib.

Jurnalın ilk səhifələrində kitabxananın “Qızıl fond”dan seçmələr” başlığı altında Cəlil Rəfiyevin “Quş yuvası” nağılı və Hikmət Ziyanın “Quşların nəğməsi” şeiri yer alıb.

"Yeni kitablar bizim rəflərimizdə” rubrikasında isə uşaqların bilməsi vacib olan anlayışlar, zaman, məkan, ölçü vahidləri, sadə toplama və çıxma əməlləri, məntiqi tapşırıqlar, diqqət və yaddaşı inkişaf etdirmək üçün rəngli, şəkilli, nəfis tərtibatlı kitabların annotasiyaları verilib.

Jurnalda “Nəğməkar quş nə deməkdir?”, “Nağıllar ayı”, “Uşaqlarınızın ehtiyaclarını başa düşün” başlıqlar altında maraqlı məlumatlar, həmçinin Şəlalə Əmrahovanın alman dilindən tərcümə etdiyi “Bir qış axşamı” (Elke Breunling), “Nənə və babalar super qəhrəman kimidirlər” (Fausto Brizzi), “Brave bear” (Solmaz Amanova) və s. şeirlər yer alıb.

Dərgidə uşaqlar həmyaşıdlarının yaradıcılığı ilə də yaxından tanış ola bilər. Balaca rəssamların “Sualtı fantaziya” mövzusunda rəngarəng rəsmləri də uşaqların marağına səbəb olacaq.

Nəşrin son səhifələrində isə yeniyetmə-gənclərin kitaba, mütaliəyə, maarifləndirici yarışlara marağının artırılması məqsədilə məntiqi suallar, tapmaca və digər əyləncəli oyunlar yer alıb.