Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin professoru, tanınmış bərpaçı-memar Oğuz Ceylan Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

AzMİU-dan bildirilib ki, Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova qonağı tədris auditoriyaları, rəsm qalereyası ilə tanış edib.

Sonra Oğuz Ceylan universitetdəki “İtaliya-Azərbaycan Dizayn Mərkəzi”ndə fakültənin müəllim heyəti və tələbələri üçün “Türkiyədə müasir mühafizə təcrübələri” mövzusunda seminar keçib.

O, ölkəsində apardığı restavrasiya işlərindən danışıb və bu işlərin dövlət qurumları ilə bərabər istiqamətdə necə icra olunmasından bəhs edib. Memar abidələrin bərpası layihələrinin ilkin eskizinin hazırlanması, abidələr haqqında arxiv materiallarının yığılması, mərhələli şəkildə görülməli olan digər proseslər ətrafında fikirlərini bölüşüb. Türkiyəli mütəxəssis İstanbuldakı Topqapı saray-muzey kompleksi, Misir bazarı, Fatih məscidi və digər tarixi məkanların özünün də iştirak etdiyi bərpa mərhələləri barədə təqdimat edib.