Xəbər verdiyimiz kimi, 8-11 aprel tarixlərində Bakı İdman Sarayında II Uşaq Kitab Festivalı keçirilir.

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan festival “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşəbbüsü, Mədəniyyət, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilib.

ANAIB-in sədri Şəmil Sadiq sərginin əhəmiyyətindən danışaraq bildirib ki, ölkəmizdə belə bir sərgi təşkil etməklə uşaqlarımızın kitaba olan sevgisini daha da artırmış oluruq. Qeyd edib ki, ötən il əsası qoyulan bu festivalı qarşıdakı illərdə beynəlxalq festivala çevirməyi hədəfləyirik.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizdə belə sərgilərin keçirilməsinin böyük bir hadisə olduğunu vurğulayıb: "Gələcəyə kitabla addımlamağın ən gözəl nümunəsi şahidi olduğumuz bu festivaldır. İkinci dəfə bu festivalda iştirakımdan çox şadam. Kitabla bağlı hədəflər və təbliğat böyük iş sayılır və düşünürəm ki, biz bu yolda davamlı olaraq birgə irəliləməyə çalışmalıyıq. Bu gün uşaqlarımıza qoyulan kapital gələcəyimizə qoyulan kapitaldır. Kitaba sevgi hər zaman olmalıdır və bu cür kitab təbliğatları daimi işlək bir prosesə çevrilməlidir".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ən yaxın, etibarlı, sadiq dostlarının kitablar olduğunu bildirib: “Biz kitabla böyüyürük, öyrənirik, kamilləşirik, intelektual oluruq və mənəviyyatımız daha da dərinləşir, zənginləşir. Bu cür gözəl işdə əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Biz həmçinin bu il Ümummilli iider Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edirik. Ulu öndər deyirdi: "Bizim gələcəyimiz uşaqlarımıza və gənclərimizə nəyi necə öyrətməyimizdən çox asılı olacaq”. Uşaqlarımızın savadlı, vətənpərvər, mənəviyyatlı və dünyagörüşünün zəngin olması millətimizin, dövlətimizin, vətənimizin işıqlı gələcəyi deməkdir. Bunun da ən önəmli yolu kitablara sevgidən keçir”.

Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və başqaları da çıxışlarında festivalın əhəmiyyətini vurğulayıblar.

Tədbirdə Reyhan Yusifqızı, Amin Oruc, Fatimə Alxaz və qiraətçi Xəzər Süleymanlının nağıl saatı, Aytac Qəmbərovanın təqdimatında kukla tamaşası, 3 nömrəli Uşaq-Gənclər İnkişafı Mərkəzinin "Vokal" dərnəyinin musiqili proqramı maraqla qarşılanıb.

Dörd gün davam edəcək festival çərçivəsində endirimli qiymətlərlə kitab satışı ilə yanaşı, iştirakçılar sevilən uşaq yazarları ilə görüşərək onların imzalı kitablarını əldə edə biləcəklər. Festivalın qonaqları arasında Türkiyədən yazıçı Suat Turqut, həkim Özge Lokman da var.

2-ci Uşaq Kitab Festivalı aprelin 11-dək sona çatacaq.

***

Mədəniyyət Nazirliyi kitaba, mütaliəyə olan marağı daim diqqətdə saxlayır. “Azərbaycan Naşirləri Assosiasiyası” İctimai Birliyi tərəfindən keçirilən 2-ci Uşaq Kitab Festivalı da z Mədəniyyət Nazirliyinin və digər dövlət qurumlarının dəstəyi nəticəsində ərsəyə gəlib. Burada məqsəd uşaqlarda daha kiçik yaşlardan mütaliəyə marağı, kitaba sevgini formalaşdırmaqdır.

Bu sözləri Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli deyib.

“Bu festival hər il davam edəcək. Bu sərginin əhəmiyyəti ondadır ki, burada uşaqların daha kiçik yaşdan sosial şəbəkələrə olan bağlılıqdan ayrılaraq mütaliə mədəniyyətinə yiyələnmələri üçün geniş imkanlar var. Uşaqlarımızın savadlı və vətənpərvər olması millətimizin işıqlı gələcəyi üçün vacib amillərdəndir. Bu da kitaba olan bağlılıqdan keçir. Kitaba sevgi hər zaman olmalıdır və bu cür kitab təbliğatları daim aparılmalıdır. Ölkəmizdə belə bir festival təşkil etməklə uşaqlarımızın kitaba olan marağını daha da artırmış oluruq”, - deyə A.Marifli vurğulayıb.