Bu il tanınmış yazıçı-dramaturq Salam Qədirzadənin (1923-1987) anadan olmasının 100 illiyidir. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən silsilə materiallar hazırlanıb.

Kitabxanadan bildirilib ki, hazırlanan virtual kitab sərgisi və videomaterialda yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Salam Qədirzadənin dramaturq kimi fəaliyyətinə də yer verilib. Müəllifin təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulan “Haradasan, ay subaylıq?”, “Gurultulu məhəbbət” kimi əsərləri haqqında bəhs olunub.

Materiallarda tanınmış ədəbiyyat xadimləri tərəfindən yazıçı haqqında söylənilən fikirlər, ailə üzvlərinin xatirələri, ədibin foto və videogörüntüləri də yer alıb.

Virtual kitab sərgisində yazıçının “46 bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar”, “Hər gün ömürdən gedir”, ümumilikdə 20-yə yaxın əsərinin biblioqrafik təsviri də verilib.