Aprelin 15-də Beynəlxalq Muğam Mərkəzində “Mirzə Şəfi Vazehin Şərq lirikası Qərb musiqisində” adlı konsert təşkil olunacaq.

Konsertdə beynəlxalq müsabiqələr laureatları – Əməkdar artist İlham Nəzərov (vokal) və Züleyxa Abdulla (piano) çıxış edəcəklər.

Konsert proqramında görkəmli İsveçrə bəstəkarı H.Huberin romans silsiləsi Bakıda ilk dəfə təqdim olunacaq. Görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin (1794-1852) şeirlərinə yazılmış bu silsilənin notları İsveçrədə 140 il əvvəl, 1882-ci ildə nəşr edilib.

Musiqi axşamında eyni zamanda Avropa klassik musiqisində romantizm dövrü bəstəkarlarının fortepiano üçün əsərləri də ifa olunacaq.

Xatırladaq ki, Mirzə Şəfi Tiflisdə yaşadığı dövrdə qəzəllərini alman şərqşünas Fridrix Bodenştedtə (1819-1892) hədiyyə edib. Bodenştedt qəzəlləri almancaya çevirərək öz imzası ilə nəşr etdirib. Kitab Avropada geniş yayılıb və bu şeirlərə musiqilər də bəstələnib. İllər sonra o, poetik incilərin Mirzə Şəfiyə məxsus olduğunu etiraf edib.