Xalq artisti Azər Paşa Nemətovla vida mərasimi keçirildi

 

Azərbaycan milli teatr sənətində, çağdaş rejissorluq məktəbində, ümumilikdə son onilliklərin səhnə proseslərində, sözsüz ki, onun adı ilk sıralarda idi.

Sənətə və səhnəyə məxsusi münasibəti, teatra sevgi və sədaqəti ilə seçilən şəxsiyyət idi Azər Paşa Nemətov.

Onun üçün bütün dostluq və düşmənçilik, sevgi və nifrət, ağ və qara, doğru və yanlış müqayisəsi özündən çox teatra münasibətinə görə müəyyən olunurdu. Birmənalı olaraq o, müasir Azərbaycan teatrının təkrarsız rejissoru idi. Çevik zəkası və təcrübəsi sayəsində hər vəziyyətdə sadiq olduğu sənət əxlaqı və sevgisinə güvənərək mübarizliyini, əzm və qürurunu qorudu. Adına, soyadına və sənət prinsiplərinə daim sadiq qaldı.

Qəlbən bağlı olduğu, hər zaman aktyorlarını alqışlayıb, fərqli tamaşalarına mizan verdiyi səhnədə bu dəfə son çıxışını etdi. Amma sözsüz və səssiz. Bu dəfə haqqında başqaları danışdılar, köks ötürüb göz yaşlarına boğuldular...

Aprelin 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşa salonu yenə dopdolu idi. Sənətsevərlər və sənət dostları ona olan ehtiramlarını son vəfa borcu olaraq bildirmək üçün salona toplaşmışdılar.

Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru və direktoru, Xalq artisti Azər Paşa Nemətovla vida mərasimi, onunla son görüş idi. 

Səhnədə sənətkarın tabutu önünə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva adından, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, digər qurumlar adından əklillər qoyulmuşdu.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Bu məqamda onun illər əvvəl verdiyi müsahibəsindən sözləri xatırladım. “Əlbəttə, hesabatı gündəlik vermək daha yaxşıdır. Çünki insana rahatlıq, xoşbəxtlik gətirir. Bir də hər gün özü ilə baş-başa qalmağı bacaran adamlar məsuliyyətli, ədalətli olurlar. İnsanın məsuliyyəti və ədaləti varsa, deməli, bütün ömrü boyu könül rahatlığı da olacaq.

Bizim üçün vacib olan könül rahatlığı deyilmi? Mən adi insanam. Tək qalanda düşünürəm ki, sabah, biri gün nə etmək istəyirəm? Və Allaha dua edirəm: arzularımı, planlarımı həyata keçirmək üçün mənə sağlamlıq, güc, ömür ver! Etiraf edim, ömrü boyu tələsən adam olmuşam. Həmişə mənə elə gəlib, nəyisə çatdıra bilməyəcəyəm...”.

Haqlı idi. Bütün arzu, həyat dolu yaradıcı insanlar kimi o da nəyisə çatdıra bilməməyin həyəcanı ilə yaşadı ömrünü. Bunu göz yaşları dinmədən, sözləri boğazında qurğuşuna dönə-dönə danışan sənət dostları, aktyorları, uzun illər onunla ittifaqda birlikdə çalışan əməkdaşları dedilər.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azər Paşa Nemətovun həyat və yaradıcılığı barədə danışdı, onun Azərbaycan mədəniyyəti, teatr sənəti, rejissorluq məktəbindəki xüsusi yeri və rolundan bəhs etdi.

Bildirildi ki, Azər Paşa Nemətovun bütün yaradıcı, ictimai, eləcə də pedaqoji fəaliyyəti, sənətkar kimi keçdiyi yol Azərbaycan mədəniyyətinə və Azərbaycan dövlətinə xidmətin nümunəsidir. Nazir müavini onun rejissor kimi yaradıcılığına mədəniyyətimizin böyük hamisi, eyni zamanda sənət bilicisi, Ulu öndər Heydər Əliyevin də yüksək qiymət verdiyini xatırlatdı. Vurğulandı ki, yarım əsrdən çox milli teatr sənətinə xidmət edən Azər Paşa Nemətovun zəngin yaradıcılıq yolu Azərbaycan mədəniyyəti tarixində hər zaman xatırlanacaq. 

Azərbaycan teatrı yaşadıqca mərhum sənətkarın da unudulmayacağını deyən Xalq artisti Nurəddin Mehdixanlı onun sənətə və sənətkara sevgisindən, diqqətindən danışdı, özünəməxsus rejissor üslubundan, sənət duyumundan bəhs etdi.

Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq artisti, bəstəkar, Azər Paşa Nemətovun bir çox tamaşalarının musiqi müəllifi Siyavuş Kərimi göz yaşları içində “Səhnə əsərlərinin nümayişindən sonra izləyicilərə təzimə daim Azərlə birgə çıxırdım. İndi o məni tək qoydu”, – deyə dost itkisinin ağırlığını dilə gətirdi.

Xalq artisti, Hacı İsmayılov da Azər Paşa Nemətovun Azərbaycan teatrının inkişafı naminə gördüyü işlərdən danışdı, onun həm teatrda, həm də Azərbaycan Teatr Xadimləri İttifaqında gördüyü işlərə nəzər saldı.

Mərhumun ailəsi adından çıxış edən Cəmilə Ağayeva dayısına göstərilən diqqətə, onun sənətinə verilən dəyərə görə dövlət başçısına, Birinci vitse-prezidentə və qədirbilən sənətsevərlərə təşəkkürünü ifadə etdi.

Çıxışlardan sonra sənətkarın cənazəsi həzin musiqinin sədaları altında son mənzilə yola salındı – yüzlərlə tamaşaçının gur alqışları və səssiz göz yaşlarının müşayiətində. Onlar zaman-zaman bu səhnədə fərqli mövzu və janrlı əsərlərə verdiyi quruluşlarına görə alqışlayıb təbrik etdikləri və ya əksinə, müzakirə və mühakimə etdikləri rejissorun son səhnə “mizan”ına, tamaşaçıya sözsüz vidasına belə səs-küylü cavab verdilər.

Hər səhnə əsərinin nümayişi, hər premyeradan sonra səhnəyə – yaradıcı heyətlə birgə tamaşaçılara təzimə çıxardı... Bu dəfə də salon alqışlara qərq oldu. Lap onun arzuladığı kimi dopdolu zal, tər güllərə qərq olmuş səhnə və gur işıqlar altında...

İllər əvvəl etiraf etdiyi “Yaradıcı adam doğulanda bu cür doğulur. Daha doğrusu, onu Allah bu cür yaradır: hər şeylə razılaşmayan, hər şeyi qəbul etməyən... Bu, tale məsələsidir və bizim iradəmizdən kənardadır. Sadə şəkildə desəm, yaratmağı bacaran adamlar xaraktercə qəliz olurlar. Cavan olanda düşünürdüm ki, daha çox işləməliyəm, özümə qarşı bir az da tələbkar olmalıyam. Sonra yaş üstünə yaş gəldi və anladım ki, bunun üçün Allah insana imkan yaratmalıdır” sözləri onun arxasınca enən pərdələrin gətirdiyi yarıqaranlıqda başqa bir kədər hökmü “oxudu”...

Azər Paşa Nemətov II Fəxri xiyabanda torpağa tapşırıldı.

Yaddaşlardakı işıqlı xatirən öləziməsin, yaradıcılığın məşəqqətli, həm də zəfərli yollarından keçmiş sənət Paşası...

Allah rəhmət eləsin.

H.Nizamiqızı