“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu aprelin 11-də günün ikinci yarısında öz işini “Milli teatrda müasir rejissor və aktyor sənəti: yenilənmə prosesində sistemli yanaşma” mövzusunda panel iclası ilə davam etdirdi.
Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist Elnur Kərimovun moderatorluğu ilə keçən iclasda “Müasir teatrda universal aktyor tipi” və “Müasir rejissurada yeni təmayüllər” mövzularında çıxışlar dinlənildi.
Foruma məruzəçi kimi dəvət olunan Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru Qriqori Zaslavski teatr prosesində qlobal problemlər, teatr menecmenti mövzusunda fikirlərini bölüşdü, rəhbərlik etdiyi təhsil ocağı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında əlaqələrdən söz açdı.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrları İdarəsinin baş direktoru Mustafa Kurt isə yerli müəlliflərin Avropada təbliği ilə bağlı görülən işlərdən danışdı. Dedi ki, Türkiyə teatrlarında repertuarda yer alan tamaşaların 60 faizi yerli müəlliflərin əsərlərindən ibarət olur. O, həmçinin hazırda nəinki Türkiyədə, eləcə də bütün dünyada dramaturq-yazar baxımından problem yaşandığını diqqətə çatdırdı.
GİTİS-in kafedra müdiri Elşən Məmmədov teatr-tamaşaçı, mövzu-repertuar və təhsil mövzusunda fikirlərini bölüşdü.
Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə teatrın bugünkü vəziyyəti, gənc aktyorların təhsil proqramı, peşəkar aktyor və rejissorların yetişməsi problemlərinin həlli yollarından bəhs etdi.
Xalq artisti (Akademik Milli Dram Teatrı) Nurəddin Mehdixanlı teatrda düzgün idarəetmə sistemi, ali məktəblərdə rejissor və aktyor təhsilində ixtisas fənlərinin artırılması təklifləri ilə çıxış etdi.
Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov teatr və dünya təcrübəsi, dövlət teatrlarında studiyaların fəaliyyəti, bu sahədə təcrübə mübadiləsi ilə bağlı qənaətlərini bölüşdü.
Azərbaycan Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov dedi ki, yeni bir aktyor formalaşırsa, yeni bir teatr yaranır. Aktyor və rejissorlar yeni düşüncə tərzinə sahib olmalıdır.
Teatr problemlərinin geniş təhlil edildiyi panel iclasının sonunda iştirakçıların sualları cavablandırıldı, təkliflər dinlənildi. Bununla da forumun birinci iş günü yekunlaşdı.
Forum aprelin 12-də “Konsepsiya və strateji hədəflər” və “Teatr sahəsində insan kapitalının inkişafı” adlı iki panel iclası ilə işini davam etdirəcək.
Lalə