“Qardaşcasına münasibətləri möhkəmləndirmək üçün mədəni-humanitar gündəliyimizi zənginləşdirməliyik”

 

Ölkələrimiz arasında humanitar əlaqələr möhkəmlənir. Burada bizim milliyyətcə azərbaycanlı olan 130 min vətəndaşımız əsas əlaqələndirici vəsilə kimi çıxış edir və onların kiçik bir hissəsi bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfinə adlandırılmış küçənin açılışında iştirak edəcək. İki ölkənin mədəniyyət günlərinin keçirilməsi barədə razılaşmanı xüsusi vurğulamaq istəyirəm. Qazaxıstan mədəniyyəti günləri artıq bu il keçiriləcək.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu sözləri aprelin 10-da Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.

Dövlət başçısı Qazaxıstan Teleradio Korporasiyası tərəfindən Heydər Əliyev haqqında “Əziz ömür – Görkəmli həyat” adlı sənədli filmin çəkildiyini də diqqətə çatdırıb. Qeyd edək ki, film ilk dəfə aprelin 10-da “Qazaxıstan” kanalında nümayiş olunub.

Qazax xalqının Azərbaycana hədiyyəsi – Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisinin də yaxın vaxtlarda yekunlaşacağını deyən Prezident Tokayev bunun ölkələrimizin səmimi dostluğuna və qarşılıqlı dəstəyinə daha bir parlaq sübut olduğunu vurğulayıb: “Biz bundan sonra da hərtərəfli humanitar əlaqələri hər vasitə ilə inkişaf etdirmək, ortaq mənəvi-mədəni dəyərlər xəzinəsini zənginləşdirmək əzmindəyik”.

Görüşdə çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, xalqlarımız arasında münasibətlərin böyük tarixi var və bu münasibətlər həmişə qardaşlar arasındakı kimi olub.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün gələcəyimizi bu möhkəm təməl üzərində qururuq: “Onu da qeyd etməyi zəruri sayıram ki, humanitar sahədə əməkdaşlıq birinci dərəcəli əhəmiyyət kəsb edir. Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək. Bu, xalqlarımızı daha da yaxınlaşdıracaq, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirəcək. Hesab edirik ki, məhz humanitar əlaqələr bizim dövlətlərarası münasibətlərin qurulmasının əsasıdır. Əlbəttə, qarşılıqlı maraq doğuran sahələr çoxdur. Biz, həqiqətən, qarşılıqlı fəaliyyətin müttəfiqliyin keyfiyyətcə yeni səviyyəsinə qədəm qoyuruq və bu, bu gün imzalanacaq Bəyannamədə artıq əks olunub. Beləliklə, biz ölkələrimizin və xalqlarımızın uğurlu birgə gələcəyini bir çox onilliklər qədər irəlicədən müəyyən edirik”.

Dövlət başçılarının geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.

Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzalayıblar.

Bundan əlavə, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında, Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında memorandumlar imzalanıb.

***

Sənədlərin imzalanmasından sonra prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Hər iki bəyanatda vurğulanan əsas fikir qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi olub.

 

Qazaxıstan Prezidenti: “Əməkdaşlıq üçün əsas sərvətimiz qardaşlıq münasibətləridir”

 

Bizim ortaq səylərimiz sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb. Yarım ildən bir qədər çox əvvəl biz strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzaladıq. Hazırda bütün bu razılaşmalar ardıcıl olaraq həyata keçirilir.

Ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb. Lakin, əlbəttə ki, ticari-iqtisadi tərəfdaşlığın potensialı əsla tükənməyib. Biz ixrac-idxal malları nomenklaturunun daha da genişləndirilməsi üçün təsirli tədbirlər görmək barədə razılığa gəldik. Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, belə adlandırılan “Orta Dəhliz”in potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. 2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir. Biz razılaşdıq ki, bu marşruta artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək lazımdır. Bütün bu tədbirlər, habelə beynəlxalq tərəfdaşlarımızla sıx qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan verəcək.

Enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi bu gün bizim prioritet vəzifəmizdir. Bildiyiniz kimi, bizim razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilib. Növbəti addım tədarük həcminin artırılması və bu işlərə uzunmüddətli sabit xarakter verilməsidir.

Biz iqtisadiyyatlarımızın yeni artım nöqtələri ola biləcək mütərəqqi investisiya layihələrinin reallaşdırılması üzərində ayrıca dayandıq. Sənaye, toxuculuq, aqrosənaye və tikinti sahələrində iri müştərək müəssisələrin açılması mümkündür. İnformasiya texnologiyaları sahəsində kooperasiyanın gücləndirilməsi perspektivli sahə kimi müəyyən edildi. Hazırda Xəzərin dibi ilə optik-lifli rabitə xətti çəkilməsi üzrə fəal iş aparılır.

Çoxşaxəli əməkdaşlığı möhkəmləndirmək üçün bizim əsas sərvətimizi – iki xalq arasında qardaşcasına münasibətləri qoruyub saxlamaq və möhkəmləndirmək vacibdir. Buna görə biz mədəni-humanitar gündəliyimizin keyfiyyətcə zənginləşməsinə hər vasitə ilə şərait yaratmalıyıq. Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin keçirilməsi bu ilin əlamətdar hadisəsi olacaq. Ölkəmizdə Azərbaycan mədəniyyəti günlərinin təşkil olunması barədə razılıq əldə edilib. Ayrıca qeyd etmək istəyirəm ki, bu il Qazaxıstanda Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin 100 illiyinə həsr olunmuş bir sıra xatirə tədbirləri keçiriləcək. Rəmzi haldır ki, bu tədbirlərə start verəcək hadisə bizim bu gün Astananın mərkəzində Azərbaycan xalqının şanlı oğlunun adını daşıyan küçənin açılışında iştirak etməyimiz olacaq. Bütün bu tədbirlər xalqlarımızın əbədi dostluğunun parlaq nümunəsi, Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına tarixi töhfə vermiş görkəmli dövlət xadiminə hörmət əlamətidir.

İki ölkənin gəncləri arasında təmaslar da bizim humanitar əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Media sahəsində qarşılıqlı fəaliyyət, kontent mübadiləsi qardaş xalqların daha da yaxınlaşmasına sanballı töhfə verə bilər. Bu gün müvafiq sazişlər imzalandı. Danışıqların gedişində Qazaxıstan telekanallarının Azərbaycan kabel operatorları şəbəkələrində yayımlanmasına, habelə animasiya filmlərinin distribusiyasına dair razılaşmaların reallaşdırılmasının vacibliyi qeyd edilib.

Bu gün beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb. Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir sıra aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelər tuturlar. Bu baxımdan qeyd etmək istəyirəm ki, Qazaxıstan ənənəvi olaraq Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin diplomatik yollarla nizamlanmasının tərəfdarıdır, habelə tezliklər sülh müqaviləsi bağlanmasına dair səyləri alqışlayır.

Gördüyünüz kimi, müzakirə edilən məsələlərin dairəsi çox geniş olub. Azərbaycan ilə əməkdaşlıq Qazaxıstan üçün prioritet məsələ olub və olacaq. Biz bu əməkdaşlığı konkret məzmunla, konkret razılaşmalarla zənginləşdirmək üçün nə mümkündürsə edəcəyik.

 

Azərbaycan Prezidenti: “Qardaşlıq münasibətləri üçün nə mümkündürsə edəcəyik”

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə hörmətə görə öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Biz bunu həm bizim Ulu öndərin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndiririk.

Həmçinin Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi artıq başlanıb. Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Biz ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik. Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu, bugünkü qarşılıqlı əlaqələrimizin əsas bazasıdır. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir.

Biz beynəlxalq təşkilatlar çərçivəsində də fəal qarşılıqlı əlaqə saxlayırıq, bütün məsələlərə dair bir-birimizi həmişə dəstəkləyirik və dəstəkləyəcəyik. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edirəm. Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur.

Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd etmək istərdim.

Öz tərəfimdən bir daha demək istərdim ki, Azərbaycanda sizin qardaşlarınız yaşayır, onlar sizə çox hörmət edir, sizi qiymətləndirirlər. Qazaxıstanın bizə münasibətdə əvvəllər də, bu gün də nümayiş etdirdiyi həmrəyliyə görə sizə çox təşəkkür edirik. Biz də öz tərəfimizdən qardaş Qazaxıstan xalqına həqiqi qardaşlıq hisslərini və münasibəti göstərmək üçün nə mümkündürsə edəcəyik.