Qarşı tərəfin atəş mövqeləri susdurulub, üç hərbi qulluqçumuz şəhid olub

 

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Aprelin 11-də sərhəddə baş verən təxribatla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də məlumat yayıb.

“Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda, siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur. Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür və bundan sonra da görəcəkdir”, – deyə məlumatda bildirilir.