Türkdilli ölkələrin təmsilçiləri mədəniyyət paytaxtımızda bir araya gəliblər
Çox məşhur mədəniyyət xadimləri yetişdirən qədim Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” olmasının nə qədər dəqiq qərar olduğunu burada bir daha gördüm. Bu şəhərdə ilboyu davam edəcək çoxsaylı tədbirlər, ümidvaram ki, tarixi dəyərlərimizin dirçəlməsinə, Şuşanın yenidən qurulması işlərinə də vəsilə olacaq. Mədəniyyət paytaxtı Şuşa buna layiqdir. Əminəm ki, yaxın gələcəkdə Şuşanın Türk dünyasında inciyə çevrilməsinə şahidlik edəcəyik.
Bu sözləri Şuşada türkdilli ölkələrin UNESCO üzrə milli komissiyalarının toplantısında iştirak edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı deyib.
Qeyd edək ki, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının açılışı aprelin 7-də Bakıda, bağlanışı isə aprelin 8-də Şuşada keçirilib. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən təşkil edilən təlim proqramının iştirakçısı olan Benin, Niger, Toqo, Burkina Faso, Qvineya, Qabon, Cibuti, Kot-d’İvuar və Ekvatorial Qvineyanın UNESCO üzrə milli komissiyalarının baş katibləri də qonaq qismində tədbirə qatılıblar.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərinin erməni işğalı altında olduğu illərdə tarixi və mədəni irsimizə qarşı törədilmiş vandalizm aktları, şəhər azad ediləndən sonra Azərbaycan dövləti tərəfindən burada həyata keçirilən bərpa-quruculuq işləri ilə bağlı məlumat verib.
Tədbirdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Şuşa – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabının təqdimatı da keçirilib.
Bağlanış mərasimindən sonra xarici qonaqlar Şuşa şəhəri ilə tanış olublar. Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun konsert proqramı təqdim edilib. Proqramda xanəndələr Aytən Məhərrəmova və Sona Əzizova çıxış ediblər.
Qeyd edək ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutu və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən toplantıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiyalarına dönəm sədrliyi Azərbaycana keçib.