Türkdilli xalqların inteqrasiyası yolunda Ulu öndərin müəllifi olduğu təşəbbüslər bu gün geniş coğrafiyada əməkdaşlığa meydan açıb
Heydər Əliyevin tariximizdəki müstəsna xidmətlərindən biri də ötən əsrin 90-cı illərində Azərbaycanın Türkiyə ilə, eləcə də bizim kimi müstəqillik qazanmış Mərkəzi Asiyanın türkdilli respublikaları ilə sıx tərəfdaşlıq münasibətlərinin qurulması, ümumtürk həmrəyliyinin mədəni-mənəvi əsaslarının gücləndirilməsi yolunda gördüyü işlərdır. Ulu öndərin 100 illik yubileyinin qardaş türk ölkələrində də qeyd edilməsi onun bu tarixi xidmətlərinə verilən yüksək dəyərin, Türk dünyasının böyük şəxsiyyətinin xatirəsinə göstərilən dərin ehtiramın göstəricisidir. On il əvvəl qələmə alınan bu yazını təkrar dərc etməklə dahi siyasət və dövlət adamının Türk dünyasının birlik və bərabərliyi naminə fəaliyyətini bir daha oxucuların diqqətinə çatdırmaq istəyirik.
***
“Xalqlarımızın böyük tarixini yenidən qiymətləndirmək, hər bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin mərkəzində duran vəzifələrdir. Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu, bizim borcumuzdur”.
Böyük siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bu sözləri 1996-cı il noyabrın 6-da TÜRKSOY-un Bakıdakı toplantısı çərçivəsində keçirilən Türk dünyası yazıçılarının III qurultayında söyləyib.
Adətən deyirlər ki, tarix şəxsiyyəti yaradır, amma böyük şəxsiyyətlər də öz əməlləri ilə tarix yazır, onu istiqamətləndirirlər. Heydər Əliyev dövrün və zamanın gərdişini gözəl bilən dövlət rəhbəri kimi Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən Türk dünyasında aparıcı mövqelərə çıxması, ümumtürk həmrəyliyinin təmin olunmasında böyük rol oynamışdır. Təsadüfi deyil ki, bu gün onun adı türk toplumlarında da hörmətlə anılır, türk dövlətlərinin inteqrasiyasında rolu məmnunluqla qeyd olunur.
Milli suverenlik və səmimi dostluq
Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı nəticə etibarilə təkcə Azərbaycan dövlətçiliyi üçün deyil, eyni zamanda yeni müstəqillik əldə etmiş digər türk dövlətlərinin inkişafı üçün önəmli hadisə idi. Çünki həmin dövrdə məkr və küdurətdə əlbir olan xarici qüvvələrin səyləri ilə gənc Azərbaycan dövlətinin məhv edilməsi postsovet məkanındakı digər türk respublikaları üçün də acınacaqlı nəticələr doğura bilərdi. Azərbaycan dövlətinin iflası həmin ölkələrin də böyük güclərin geosiyasi əsarətinə keçməsinə, “velikorus” şovinizminin yeni imperiya boyunduruğuna düşməsinə yol aça bilərdi. Heydər Əliyev Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qorumaqla digər türk dövlətlərinin bərabərliyi, gələcək tərəfdaşlığı üçün tarixi xidmət göstərmiş oldu.
1992-1993-cü illər hakimiyyəti dövründə Azərbaycanda ümumtürk həmrəyliyinin dar çərçivədə, yalnız Türkiyə ilə münasibətlərdə təşviq edilməsi, Mərkəzi Asiyanın türk respublikaları ilə münasibətlərin gözardı edilməsi xarici siyasətdə boşluqlara yol açmışdı. Rəsmi Bakı bəzən bu respublikalara “demokratiya dərsi” keçmək missiyasını da üzərinə götürməyə təşəbbüs edirdi. Nəticədə Azərbaycanın Qazaxıstan, Özbəkistan kimi iri türkdilli respublikalarla münasibətləri soyumuşdu. Xarici qüvvələrin dəstəklədiyi Ermənistanla müharibədə ölkəmiz, Türkiyə istisna olmaqla, digər türk dövlətlərinin hətta mənəvi dəstəyindən də məhrum olmuşdu.
Məhz buna görə Heydər Əliyev Azərbaycanın siyasi rəhbərliyinə qayıtdığı gün, 1993-cü ilin 15 iyununda Ali Sovetdə proqram xarakterli çıxışında xarici siyasətin önəmli istiqaməti kimi türkdilli dövlətlərlə işbirliyini qeyd etmişdi: “Xarici siyasət sahəsində görüləsi işlər çoxdur. Birinci növbədə, yaxın qonşularımızla sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan Türkiyə ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda, keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bizim bu dövlətlərlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır”.
Bu siyasət türkdilli xalqların inteqrasiyasında pafosdan uzaq səmimi dostluğu və qarşılıqlı faydalı tərəfdaşlığı ehtiva edirdi. İnteqrasiya sözdə yox, əməldə olmalı və həmin müstəvidə hər türkdilli dövlət öz yerini tapmalı, potensial imkanları ilə bu həmrəyliyə praktik töhfə verməli idi.
Ortaq keçmişdən müştərək gələcəyə: “Heç bir qüvvə bizi ayıra bilməyəcək”
Bundan sonra Azərbaycanın dünyaya açılmasında, o cümlədən türk dövlətləri ilə münasibətlərdə real addımlar atıldı. Heydər Əliyev sonralar bu inteqrasiyanın mahiyyətini türk ideoloqu İsmayıl bəy Qaspıralının məşhur kəlamı ilə belə ifadə etmişdi: “XX əsrin əvvəllərində türk xalqlarını yaxınlaşdırmaq, onları vahid siyasi, iqtisadi və mədəni gücə çevirmək istəyən görkəmli şəxsiyyətlərimiz “Dildə, fikirdə və əməldə birlik” şüarı ilə çıxış edirdilər. Biz uzun mübarizələrdən sonra XX əsrin sonunda bu imkana nail olmuşuq. Şübhəsiz, indiki şəraitdə türkdilli dövlətlərin qarşılıqlı əməkdaşlığı bu sahədəki uğurlarımızı daha da artıracaqdır”.
Bu baxımdan Azərbaycan-Türkiyə əlaqələrinin keyfiyyətcə yeni məcrada, hər hansı siyasi korporativizmə yer verməyən əsasda qurulması xüsusi önəm kəsb edirdi. Çünki Heydər Əliyevdən öncəki hakimiyyət dövründə bu əlaqələrdə şüarçılıq özünə daha çox yer tapmışdı, münasibətlər bir çox hallarda iki ölkədəki populist siyasətçilərin bəyanatları ilə yönəldilirdi.
Yeri gəlmişkən, Heydər Əliyev hakimiyyətə gələndən sonra həmin populist qüvvələr Azərbaycanın guya Türkiyədən uzaqlaşacağı, Rusiyanın boyunduruğuna düşəcəyi barədə iddialar səsləndirməyə başlamışdı. Ölkəmizin 1993-cü ilin sentyabrında MDB-yə üzv olması həmin dairələr tərəfindən spekulyasiya mövzusuna çevrilmişdi.
Heydər Əliyev 1994-cü ilin 9 fevralında qardaş ölkəyə ilk rəsmi səfəri zamanı Türkiyə Böyük Millət Məclisində etdiyi tarixi çıxışında həmin ittihamları rədd edərək MDB üzvlüyünün ölkəmizin suverenliyinə və Türkiyə ilə münasibətlərə xələl gətirməyəcəyini bildirdi. Əksinə, bununla Azərbaycanın MDB-dəki türk respublikaları ilə əməkdaşlığına zəmin yarandığını diqqətə çatdırdı: “Biz bu birliyə daxil olmaqla nə uduzduq? Heç nə uduzmadıq, amma qazandığımız o oldu ki, vaxtilə möhkəm, sıx əlaqələrimiz olan respublikalarla əlaqələri saxlayaraq iqtisadiyyatımızın inkişafı üçün müəyyən şərait yaradırıq”.
Heydər Əliyev iki ölkənin strateji tərəfdaşlığının tarixi formulunu da bəyan etmişdi: “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Sonralar dillər əzbəri olan bu sözlər ölkələrimizin qardaşlıq münasibətlərinin kredosuna çevrildi.
Azərbaycan Prezidenti TBMM-dəki nitqində qardaş ölkələrin ortaq tarixi irs üzərində gələcəyə birgə addımlayacağını vurğuladı: “Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıbdır. Əsrlər boyu tarixin bütün mərhələlərində bizi bir-birimizdən ayırmağa çox çalışsalar da, buna müvəffəq olmamışlar. Xalqlarımız bu həsrətlə yaşayıblar və nəticədə də bir-birinə qovuşublar. Bundan sonra heç bir qüvvə bizi ayıra bilməyəcəkdir. 1918-ci ildə Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyəti müstəqil Azərbaycan Respublikası üçün örnəkdir”.
Üç dənizin əfsanəsi – Türk dünyasını bağlayan kəmər
Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi ilə Türkiyə ilə münasibətlər gerçək tərəfdaşlıq, qarşılıqlı fayda üzərində təşəkkül tapdı. O, Azərbaycana rəhbərlik etdiyi 10 ildə dəfələrlə Türkiyədə səfərlərdə olmuş, Türkiyənin dövlət və hökumət rəhbərləri Azərbaycana çoxsaylı səfərlər etmişlər. Bu təmaslar müxtəlif beynəlxalq və regional tədbirlərdə də davam edirdi. Təkcə bir faktı qeyd etmək yetər ki, Heydər Əliyev onillik prezidentliyi dövründə xarici ölkələrin rəhbər şəxsləri ilə 500-dən çox görüş keçirmiş, bu görüşlərin təxminən 100-ü Türkiyənin payına düşmüşdü. Bu intensiv təmaslar, daimi məsləhətləşmələr fonunda iki ölkənin xarici siyasəti sıx koordinasiya içində bir-birini tamamlayırdı. Azərbaycan müstəqil dövlət quruculuğunda üzləşdiyi çətinliklərdə hər zaman Türkiyəni yanında gördü, eyni zamanda, atdığı addımlarda, həyata keçirdiyi iqtisadi layihələrdə daima Türkiyəni göz önündə tutdu.
Yeri gəlmişkən, 1994-cü ildə Azərbaycan xarici neft şirkətləri ilə ilk müqaviləni (“Azəri-Çıraq-Günəşli”) imzalayanda Türkiyənin payı (TPAO şirkəti) cüzi - 1,75 faiz idi. Bunun səbəbi türk şirkətinin müqavilə üzrə danışıqlara gec qoşulması, Qərb sərmayədarları ilə müqayisədə astagəllik etməsi olmuşdu. Lakin sonradan Heydər Əliyev Azərbaycanın layihədəki payı hesabına Türkiyəyə əlavə 5 faiz ayrılması barədə qərar verdi. Nəticədə Türkiyə “Əsrin müqaviləsi”nin mühüm iştirakçılarından birinə çevrildi. 1996-cı ildə Azərbaycanın imzaladığı ikinci böyük müqavilə - “Şahdəniz” layihəsində Türkiyəyə daha yüksək - 9 faiz pay ayrıldı. Ümumilikdə Azərbaycanın ayrı-ayrı neft-qaz layihələrində Türkiyə 35 faiz pay əldə etdi.
Heydər Əliyevin bu tərəfdaşlığa verdiyi ən böyük töhfə isə ölkəmizin enerji ehtiyatlarının Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Türkiyə üzərindən dünyaya açılması oldu. Əsas ixrac neft kəmərinin Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çəkilməsi Heydər Əliyevin mürəkkəb geosiyasi şəraitdə, dünya gücləri və neft nəhəngləri ilə gərgin danışıqlarda nümayiş etdirdiyi çevik diplomatiya hesabına mümkün olmuşdu. “Şübhəsiz, mənim ürəyimdən keçən arzu bu xətti Ceyhana çəkməkdir. Onun çəkilməsi tək məndən asılı deyil. Konsorsiumda 11 xarici neft şirkəti var. Amma hər şeyi vaxtı gələndə həll edəcəyik”, - deyə o, 1996-cı il noyabrın 13-də Türkiyə jurnalistlərinə müsahibəsində bildirmişdi.
1999-cu ilin noyabrında İstanbulda Bakı-Tbilisi-Ceyhan neft kəmərinə dair həlledici qərar verildi, ilkin hökumətlərarası saziş imzalandı. “İstanbul bəyannaməsi”nə Azərbaycan, Türkiyə, Gürcüstanın dövlət başçıları və layihəyə dəstək verən ABŞ rəhbəri Bill Klintonla yanaşı, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin də imza atması kəmərə daha böyük regional önəm qazandırdı. Qazaxıstanın bu layihəyə qoşulmasında Heydər Əliyevin mühüm təşəbbüskar rolu olmuşdu. 2002-ci ildə boru xəttinin təməli atıldı və beləcə üç dənizin (Xəzər, Qara və Aralıq dənizləri) əfsanəsi gerçək oldu. Eyni zamanda, Bakı-Ceyhan Türk dünyasını (Orta Asiyadan Türkiyəyədək) bir-birinə bağlayan strateji kəmərə çevrildi, bu gün Qazaxıstan da neftinin bir hissəsini bu marşrutla ixrac edir.
Bu, uzaqgörən siyasətin real nəticəsidir. Bakı-Ceyhan kəməri yeni regional enerji və nəqliyyat layihələrinə zəmin yaratdı, onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz xətti istifadəyə verildi. Hazırda inşası davam edən Bakı-Tbilisi-Qars dəmiryolu xətti təkcə Azərbaycan-Türkiyə əlaqələrinə deyil, eləcə də Mərkəzi Asiya respublikalarının Xəzər və Azərbaycan üzərindən Türkiyəyə bağlanmasına, Avropa-Asiya nəqliyyat dəhlizinə tarixi töhfə olacaq.
Xəzərdə birləşən dostluq telləri: “Bizim əməkdaşlığımız zamanın hökmüdür”
Heydər Əliyev Türkiyə ilə qardaşlıq bağlarını möhkəmlətməklə bərabər, Mərkəzi Asiyadakı türk respublikaları ilə sıx əməkdaşlığı da daima prioritet saymışdır. Çünki Azərbaycan bu coğrafiyadakı strateji yerinə, güclü iqtisadi və infrastruktur imkanlarına görə Türkiyə və Mərkəzi Asiyanın türk ölkələri arasında əvəzolunmaz körpüdür. Heydər Əliyevin prezidentliyi dövründə bu körpü real tərəfdaşlıq müstəvisi kimi təşəkkül tapdı və möhkəmləndi.
Hərçənd Azərbaycanın 1992-1993-cü illərdə Xəzərin o tayındakı türk respublikaları ilə sərin münasibətləri bu tərəfdaşlıqda arzuolunmaz fon yaratmışdı və onu qısa zamanda aradan qaldırmaq asan deyildi. Heydər Əliyev 1994-cü ilin 18 oktyabrında türk dövlət başçılarının İstanbul sammitində bu gerçəyi etiraf etmişdi: “Ötən müddətdə Azərbaycan tərəfinin buraxdığı səhvlər nəticəsində Azərbaycanın Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla, Qırğızıstanla əlaqələri çox zəif olub. Bildirmək istəyirəm ki, Azərbaycan bu əlaqələrin gücləndirilməsinə çalışır və çalışacaqdır. Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik”.
Heydər Əliyevin bu etirafı onun siyasi lider kimi böyüklüyünün nümayişi idi. Bu bəyanat həm də Azərbaycan rəhbərinin, bütün tərəfdaşlar kimi, türk respublikaları ilə də açıq və səmimi münasibət qurmaq niyyətini göstərirdi. Azərbaycan Prezidenti bu təmkinli siyasəti sonrakı müddətdə türk dövlət başçıları ilə keçirdiyi bütün görüşlərdə nümayiş etdirmiş, ortaya çıxan müəyyən anlaşmazlıqları səbirlə aradan qaldıraraq qarşılıqlı münasibətlər üçün müsbət zəmin yaradılmasına çalışmışdır. O, türk dövlət başçılarının 1994-2001-ci illərdə keçirilmiş 6 sammitinin hamısında iştirak etmişdir və bu əməkdaşlıq formatında Azərbaycanın təşəbbüskar mövqeyi hər zaman öndə olmuşdur. Azərbaycan rəhbəri türk dövlət başçıları forumunun regional təşkilat kimi möhkəmlənməsinin vacibliyini daima vurğulamışdır: “Bu təşkilat artıq 7 ildir ki, yaşayır. Biz mədəniyyət, iqtisadiyyat, başqa bütün sahələrdə əməkdaşlıq edirik. Tarixi bir daha təhlil edir, müştərək tarixi abidələrimizi yada salır və onların yubileylərini keçiririk. Bu, çox böyük əhəmiyyətə malikdir. Bu, Türk dünyasının inkişafının təməlidir” (28 noyabr 1999-cu il, Türkiyə, İsparta Universiteti).
Bu gün ölkəmizin Mərkəzi Asiyadakı türk respublikaları ilə münasibətlərinə, həmin respublikaların Türkiyə ilə əməkdaşlıq mənzərəsinə, ortada olan layihələrə nəzər salsaq, onların hamısında Azərbaycanın təşəbbüslərini, Heydər Əliyevin müəllifliyini qeyd edə bilərik. 1998-ci ildə Bakıda, Azərbaycanın ev sahibliyi ilə “Böyük İpək Yolu” layihəsinin (Avropa-Asiya nəqliyyat dəhlizi) təməlinin qoyulması, sonrakı illərdə Özbəkistan, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Türkiyənin iştirakı ilə bu yöndə yeni təşəbbüslərin gündəmə gəlməsi və hazırda gerçəkləşən layihələr türk xalqlarının inteqrasiyasına əməli töhfələrdir.
Xalqlarımızın ümumi mədəni sərvəti
Türk dövlətləri və toplumlarının inteqrasiyasının mühüm bir istiqamətini də mədəni əməkdaşlıq, müştərək mədəni layihələr təşkil edir. Dərin tarixi köklərə malik bağların yeni şəraitdə daha effektiv müstəviyə çıxarılmasında, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un formalaşması, bu formatda bir çox layihələrin reallaşması Azərbaycanın aktiv rolu sayəsində mümkün olub. Heydər Əliyev türk xalqlarının mədəni abidələrinin, böyük ədiblərinin, şəxsiyyətlərinin yubiley mərasimlərində yaxından iştirak edir və xalqlarımızın ümumi mədəni sərvətinin bizi birləşdirən tarixi dəyər olduğunu diqqətə çatdırırdı. Bu fikir onun 1994-1996-cı illərdə türkmən şairi Məhdimqulunun, qazax ədəbiyyatının klassiki Abayın, böyük özbək hökmdarı Əmir Teymurun, qırğız eposu “Manas”ın yubiley mərasimlərindəki çıxışlarının ana xəttini təşkil edib.
Heydər Əliyev 1996-cı ilin noyabrında dahi şairimiz Məhəmməd Füzulinin 500 illiyi, 2000-ci ilin aprelində isə böyük türk eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyi ilə bağlı Türk dünyasının təmsilçilərini, dövlət və hökumət adamlarını, alim, şair və yazıçıları, mədəniyyət xadimlərini Bakıya topladı. UNESCO səviyyəsində qeyd olunan bu möhtəşəm yubileylər, eyni zamanda, ümumtürk mədəniyyətinin təntənəsi idi. “Belə yubiley tədbirlərinin birlikdə keçirilməsində əsas məqsəd xalqlarımızın əsrlər boyu yaratdığı zəngin mənəvi irsi indiki nəsillərə qaytarmaq, eyni kökə, eyni tarixə malik olduğumuzu bir daha dərk etməkdir. Digər tərəfdən, belə yubiley tədbirlərini keçirməklə biz nümayiş etdiririk ki, İbn-Sinanın, Nizaminin, Nəvainin, Yunis İmrənin, Füzulinin, Məhdimqulunun, Mahmud Qaşqarinin, Abayın, bir çox başqa dahilərimizin yaradıcılığı, “Kitabi-Dədə Qorqud”, “Manas”, “Alpamış” kimi ölməz dastanlarımız bütün bəşəriyyətin mədəni sərvətidir”, – deyə Heydər Əliyev 2000-ci il aprelin 8-də eposun 1300 illiyi münasibətilə türkdilli dövlət başçılarının Bakıda keçirilən VI zirvə görüşündə bildirmişdi.
Onun təşəbbüskarı, müəllifi olduğu regional layihələr türk xalqlarının yaşadığı geniş coğrafiyada uzunmüddətli inkişaf və əməkdaşlığa meydan açdı. Heydər Əliyevin 2001-ci ildə iştirak etdiyi sonuncu türk zirvəsində (27 aprel 2001-ci il, İstanbul) bəyan etdiyi bu sözləri isə 21-ci yüzilliyin Türk dünyası üçün vəsiyyət kimi qəbul etmək olar: “Türkdilli dövlətlər dünyanın çox mühüm coğrafi-strateji bir regionunda yerləşirlər. Onlar əlverişli mövqeyə, zəngin təbii ehtiyatlara, yüksək intellektual potensialı olan insan resurslarına malikdirlər. Əminəm ki, yeni əsr dövlətlərimiz üçün sabitlik, dinamik inkişaf, konstruktiv dialoq, qarşılıqlı faydalı əməkdaşlıq və rifah əsri olacaqdır. Bütün bunlara biz əldə etdiyimiz tarixi nailiyyətlərin – milli azadlığımız, dövlət müstəqilliyimiz və müştərək işbirliyimizin daha da möhkəmləndirilməsi nəticəsində nail olacağıq”.
Vüqar Əliyev
aprel 2013