Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının prezidenti azərbaycanlı bələdçilərlə görüşəcək
   
   Xəbər verdiyimiz kimi, sentyabrın 6-7-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı və Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə Bakıda «İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm» adlı beynəlxalq konfrans keçiriləcək. Konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən 120-dən çox turizm mütəxəssisi, alimlər, nüfuzlu turizm qurumlarının rəhbərləri ölkəmizə səfərə gələcək.
   
   Qonaqlar sırasında Dünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının prezidenti Rozalin Newland da olacaq. Bu barədə qəzetimizə məlumat verən Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovun sözlərinə görə, qonaq sentyabrın 8-də təhsil ocağında Azərbaycan Bələdçi Assosiasiyasının sertifikatını almış bələdçilərlə görüşəcək: «Bildiyiniz kimi, Dünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası bir müddət əvvəl Bakıda «High Oriented Training» (HOT - yüksək səviyyəli oriyentasiya treninqi) adlı seminar-təlim keçirmişdi. Bu təlimdə 12 nəfər iştirak edib, 11 nəfər sertifikat alıb. Federasiyasının prezidentinin həmin sertifikat alanlarla və ümumiyyətlə, bələdçilərlə görüşünü təşkil edəcəyik. İstəyirik, Rozalin Newland da Azərbaycanın turizm bələdçiləri ilə tanış olsun, onlara öz ürək sözlərini desin».
   Prorektor bildirdi ki, konfrans günlərində ATİ rəhbərliyinin yüksək səviyyəli qonaqlarla görüşləri də nəzərdə tutulur. Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai və Rusiyanın Beynəlxalq Turizm Akademiyasının prezidenti (RİAT) İqor Zorinlə də görüşləri gözlənilir. İqor Zorin həm də institutun kollektivi ilə görüşəcək. Bundan əlavə, konfrans çərçivəsində ali məktəblər arasında əməkdaşlıq işi ilə əlaqədar müxtəlif ali məktəblərin nümayəndələri ilə də görüşlər olacaq.
   Qeyd edək ki, «Jumeirah Bilgah Beach Hotel»ində keçiriləcək konfransda iştirakçılar İpək Yolu ölkələrinin kulinariya təcrübəsinə dair fikir mübadiləsi aparacaqlar. Tədbirin ilk günü «Qida və turizm: qlobal meyllər və imkanlar», «İpək Yolunun kulinariya məkanlarının aparıcı şəbəkəsi kimi qurulması» və «İnkişaf üçün qida» mövzularında sessiyalar təşkil ediləcək.
   Konfransın ikinci günü «İpək Yolu qlobal səyahət mediasında» və «Rəqəmsal dövr: sosial media və səyahət» mövzularında dəyirmi masalar olacaq. Həmçinin tədbir çərçivəsində Azərbaycan, Türkiyə, İtaliya və İspaniya mətbəxlərinin təqdimatı və ustad dərsləri təşkil olunacaq, Azərbaycan və Gürcüstan istehsalı olan şərabların dequstasiyası keçiriləcək.
   Tədbiri işıqlandırmaq məqsədilə ölkəmizə gələn dünyanın aparıcı KİV nümayəndələrinin Azərbaycanın regionlarına press-turu təşkil ediləcək.
   Onu da bildirək ki, Azərbaycan Dünya Turizm Təşkilatının «İpək Yolu Proqramı»nın iştirakçısıdır. Əsirlər boyu tarixi İpək Yolu Şərq və Qərb arasında mədəniyyət, ideya, texnologiya və insan mübadiləsində mühüm rol oynayıb. 28 ölkənin üzv olduğu «İpək Yolu Proqramı»nın məqsədi birgə səylərlə İpək Yolu boyunca turizmi davamlı inkişaf etdirməkdən ibarətdir.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar