Naxçıvan Dövlət Milli Dram Teatrına yeni baş rejissor təyin olunub. Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Mir Qabil Əkbərov mədəniyyət müəssisəsinin baş rejissoru təyin edilib.

Mir Qabil Əkbərov 1997-ci ildə Naxçıvan şəhərində, Xalq artisti Yasəmən Ramazanovanın ailəsində anadan olub. 2010-2015-ci illərdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında aktyor kimi çalışıb.

2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin dram rejissoru ixtisasına qəbul olunub. 2019-cu ildə məzun olduqdan sonra təhsilini ADMİU-nun dram rejissoru ixtisası üzrə magistratura pilləsində davam etdirib.

2017-ci ildə müstəqil “Şah Mat” teatrını yaradıb. Teatrın kollektivi Tacikistan, Rusiya, İran və Türkiyədə beynəlxalq festivallarda iştirak edib.

Mir Qabil Əkbərovun quruluş verdiyi və “Şah Mat” teatrı tərəfindən təqdim olunan Patrik Züskindin “Kontrabas”, Viktor Hüqonun əsərinin motivləri əsasında “Edama məhkumun son günü”, Qilyermo Fiqeredunun “Ezop”, Matey Visnekin "Qoca kloun tələb olunur" əsərinin motivləri əsasında “Üstdəki dərinliklər” və s. tamaşalar maraqla qarşılanıb.