Azərbaycanın turizm imkanları 12-15 aprel tarixlərində İstanbulda keçirilən “EMITT – 2023” Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təbliğ olunur.

Sərgidə Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizi iki yerli turizm şirkəti, hotel və mehmanxana qrupu və “Azərbaycan Hava Yolları” QSC təmsil edir.

Sərgi çərçivəsində turizm şirkətləri ilə B2B formatlı işgüzar görüşlər keçirilir və qarşılıqlı turist mübadiləsinə təkan verəcək ikitərəfli əməkdaşlıq imkanları dəyərləndirilir.

26-cı dəfə keçirilən və bu il dünyanın 30 ölkəsinin qatıldığı EMITT dünyada turizm sahəsində 5 ən böyük sərgidən biri hesab olunur.

Türkiyə 2022-ci ildə Azərbaycana səfər edənlərin sayına görə 2-ci yeri tutub. 2022-ci ilin statistikasına əsasən Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 311 880 nəfər olub  ki, bu da pandemiyadan öncəki 2019-cu il rəqəmlərinin 99% bərpası deməkdir.