Baş plana görə, şəhərdə əhalinin sayı 50 min nəfərə çatacaq

 

İşğaldan azad edilmiş bütün ərazilər kimi, Füzuli rayonunda da genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Füzuli şəhərinin Baş planı bu martın 18-də Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

2022-2026-cı illərdə bərpa olunan yaşayış məntəqələri üzrə Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiq edilib, Pirəhmədli və Dədəli kəndlərinin konsepsiyası hazırlanıb. Dövlətyarlı kəndində tikinti işlərinin cari ilin avqust ayında, Pirəhmədli və Dədəli kəndlərində isə oktyabr ayında başlanılması planlaşdırılır. 2023-cü ildə Füzuli rayonunda daha 7 kəndin – Qarğabazar, Cuvarlı, Qoçəhmədli, Qarakollu, Qaraxanbəyli, Horadiz və Mirzəcamallı kəndlərinin layihələndirilməsi nəzərdə tutulur. Füzuli şəhərində Peşə liseyinin, Mərkəzi xəstəxananın, Mərkəzi parkın, inzibati binanın layihələndirmə işləri davam etdirilir.

Bu barədə aprelin 12-də Füzulidə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi qrupunun iclasında məlumat verilib.

Füzuli Beynəlxalq Hava Limanının inzibati binasında keçirilən iclasda Füzuli şəhərində aparılan tikinti-quruculuq fəaliyyəti ilə əlaqədar layihələndirmə işləri, Dövlətyarlı kəndinin “ağıllı kənd” konsepsiyası ilə bərpası, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi, rayonda ilkin mərhələdə bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi və su təminatı və digər məsələlər üzrə görülən işlər müzakirə olunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov bildirib ki, Füzuli rayonunda 2026-cı ilədək ümumilikdə 5678 evin (3352 fərdi yaşayış evi və 2326 mənzil) tikilərək istismara verilməsi nəzərdə tutulur. 2023-cü ildə 399, 2024-cü ildə 447, 2025-ci ildə 2317, 2026-cı ildə 2515 evin inşası həyata keçiriləcək və MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) tərəfindən inşa olunan 846 mənzillik yaşayış kompleksinə 2024-cü ildə ilk əhali (2904 nəfər) köçürüləcək. 2026-cı ilədək rayonda tikiləcək evlərə 21 593 nəfər, o cümlədən Füzuli şəhərinə 8009 nəfər əhalinin köçürülməsi planlaşdırılır.

İclasda “İşğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsinə dair” Tədbirlər Planı, müvəqqəti yerləşdirilən kamplar, “Böyükbəhmənli-Şuşa” və “Azadqaraqoyunlu-Ağdam” magistral qaz kəmərlərinin layihələndirilməsi, Füzuli rayonunda su anbarlarının və sutəmizləyici qurğularının layihələndirilməsi və tikilməsinin vəziyyəti, Mədəniyyət Nazirliyinin Qələbə parkı və Memorial parkının layihələndirilməsi vəziyyəti barədə müzakirələr aparılıb.

Müzakirələrdən sonra ərazidə aparılan bir sıra tikinti-bərpa işləri ilə tanışlıq olub. Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinə, şəhər mərkəzdə tikilən çoxmənzilli binalara, həmçinin Özbəkistan tərəfindən inşa olunan 960 şagird yerlik orta məktəb binasında aparılan işlərə baxış keçirilib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin, həmçinin 960 şagird yerlik tam orta məktəb binasının inşasının bu il yekunlaşması nəzərdə tutulur. Şəhərdə 38 binadan ibarət ilk yaşayış məhəlləsi də inşa olunmaqdadır. Təxminən 18 binanın inşası sentyabrda tamamlanacaq.