Aprelin 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu təhsil ocağının 100 illik yubileyi çərçivəsində Təsviri sənət kafedrasının müəllimi Röya Həsənin “İz” adlı fərdi sərgisi açılıb.

Tədbiri ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq son zamanlar universitetin Rəssamlıq fakültəsi tərəfindən maraqlı sərgilərin təşkil edildiyini söyləyib. Bildirilib ki, ADMİU-nun magistrantı olmuş Röya Həsən orijinal düşüncəsi ilə fərqlənib. O, əsasən portret janrında maraqlı əsərlər yaradır. Rəssam yaradıcılıqla bərabər, pedaqoji fəaliyyətlə də məşğul olur, bu sənətin sirlərini tələbələrinə öyrədir.

ADMİU rektorunun müşaviri Validə Məmmədova, universitetin müəllimləri, Əməkdar rəssamlar Rəşad Cabarov və Vüqar Əliyev Röya Həsənin yaradıcılığından söz açıb, onun görkəmli insanların, ictimai və incəsənət xadimlərinin portretlərini məharətlə yaratdığını qeyd ediblər.

Röya Həsən çıxışında sərgisini mədəni irsimizdə, tariximizdə dərin iz qoyan görkəmli korifeylərimizə həsr etdiyini diqqətə çatdırıb. “Mədəni irsimizi bilmək, qorumaq, inkişaf etdirmək və nəsildən-nəslə ötürmək hər birimizin borcudur. Çünki bu, Vətənimizin, xalqımızın tarixidir, özünəməxsusluğudur. Bu dəyərləri qorumalıyıq ki, gələcək nəsillər baxıb qürur duysunlar. Düşünürəm ki, Vətənə olan bağlılığımı, Azərbaycan xalqına olan sevgimi, dəyərlərimizə olan hörmətimi öz yaradıcılığımda əks etdirə bilmişəm”, – deyə rəssam qeyd edib.

Universitetin Estrada sənəti kafedrasının konsertmeysteri Nicat Aslanov və İnstrumental ifaçılıq kafedrasının magistr məzunu Ləman Əliyeva musiqi nömrələri təqdim ediblər.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə 25 əsər yer alıb.