15 aprel Dünya İncəsənət Günüdür. Əlamətdar gün 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub. Bununla bağlı qəbul olunan qətnamədə (26 noyabr 2019-cu il) Dünya İncəsənət Gününün bədii yaradıcılıqla cəmiyyət arasında əlaqələrin möhkəmlənməsi, bədii ifadə müxtəlifliyinin önəmi və sənət adamlarının davamlı inkişafa verdiyi töhfələri diqqətə çatdırmaq məqsədi daşıdığı bildirilir.

Dünya İncəsənət Günü ilk dəfə (2020) pandemiya dövrünə təsadüf etdiyindən sadəcə virtual məkanda qeyd olunmuşdu.

UNESCO-nun bununla bağlı ilk mesajında pandemiya zamanında Dünya İncəsənət Gününün qeyd edilməsinin incəsənətin cəmiyyəti bir araya gətirmək, ilham vermək, birgə fəaliyyətə təkan vermək qabiliyyətini daha aydın nümayiş etdirmək baxımından xüsusilə önəmli olduğu vurğulanırdı.

Baş direktor Odri Azulenin mesajında o da qeyd edilmişdi ki, belə bir gün üçün 15 aprelin seçilməsi həm də bu tarixin dünya şöhrətli rəssam Leonardo da Vinçinin doğum günü (1452) olması ilə bağlıdır.

Xatırladaq ki, UNESCO-nun 2019-cu ildə qəbul etdiyi qərara qədər 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunurdu. Bu tarix isə 1935-ci il aprelin 15-də rus rəssamı, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (“Vaşinqton paktı” və ya “Rerix paktı”) imzalanması ilə bağlı idi. 20-yə yaxın ölkənin imzaladığı “Vaşinqton paktı” mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sonradan bu paktın bir sıra  müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapdı və inkişaf etdirildi.