Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından olan Qazi Universitetində (Ankara) türk xalqlarının tarixən məruz qaldığı haqsızlıqlara etiraz forması olaraq maraqlı layihə həyata keçirilir.

Universitetin İncə sənətlər fakültəsinin dekanı, universitetin nəzdindəki Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin direktoru professor Alev Çakmakoğlu Kurunun bildirdiyinə görə, bu sahə üzrə mütəxəssisləri öz etirazı təsviri sənətlə – rəsm, heykəl, plakat və bannerlərlə ifadə edirlər: “Qazi Universitet olaraq incəsənət yolu ilə apardığımız mübarizə o zamana qədər davam edəcək ki, Xocalıda, Qarabağda, qədim türk yurdu İrəvanda vəhşicəsinə qətlə yetirilən Azərbaycan türklərinin haqqı bərpa olunacaq. Ümid edirik ki, beynəlxalq hüququn tələbləri çərçivəsində Azərbaycan, Şərqi Türküstan, Krım, Ahıska, Noqay və haqsızlığa məruz qalan digər türk xalqlarının haqları tanınacaq, cinayətkarlar cəzalandırılacaq”.

Qazi Universitetində Azərbaycan, xüsusilə Qarabağ mövzusuna hər zaman həssaslıqla yanaşıldığını bildirən professor deyib ki, həmin əl işləri arasından 120 əsər seçilib Azərbaycana hədiyyə olunub: “Haqq və ədalət axtarışında, qardaşın qardaşa dəstəyi olan bu fəaliyyətimiz türk sənətkarlarının milli məsələdə birgə hərəkatıdır. Ümumilikdə isə universitetimizdə bir Azərbaycan sevgisi var. Bu da yəqin ki, universitetimizin Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürk tərəfindən yaradılması ilə əlaqədardır. Çünki Qazi Mustafa Kamal “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikrini söyləyib və Azərbaycana çox sayğılı olub. Universitetimizdə də Atatürkün və millətimizin bizə miras qoyduğu dəyərlərə sahib olan müəllim və tələbə heyəti var. Biz də bu ənənələri davam etdirməkdən qürur duyuruq. Rektorumuz professor Musa Yıldız türk milləti və xüsusilə də Azərbaycan mövzusunda bütün fəaliyyətlərimizi məmnuniyyətlə dəstəkləyib. Əslində, biz də bu layihələrimizlə digər universitetlərə örnək olmaq istəyirik. Məqsədimiz heç də bunun üçün təqdir olunmaq deyil, bu, bizim mənəvi borcumuzdur”.

Azərbaycanla Türkiyə arasında xüsusi bir yaxınlıq olduğunu deyib: “Tarixin müxtəlif mərhələlərində türklərin üzləşdikləri erməni zülmü ilə bağlı türkcə və ingiliscə yayımlanan ermenizulmu.com saytımız mövcuddur. Amma sənət əsərlərindən ibarət belə bir fəaliyyətimiz yox idi. 2015-ci ildə saxta “erməni soyqırımı” ilə bağlı erməni lobbilərinin Qərbdə, xüsusilə Fransada, Amerikada türklərə qarşı nə qədər aşağılayıcı karikaturalar, rəsmlər yayımladıqlarını gördüm. Onlar kütləvi olaraq antitürk fəaliyyəti aparırlar. Təəssüf ki, türk millətinə qarşı edilən haqsızlıqla bağlı bu qədər həqiqətlər, tarixi faktlar olduğu halda biz bu istiqamətdə çox da aktiv deyilik. Ona görə də biz bu sahəyə diqqət yetirmək istədik. Yəni indiyədək bu istiqamətdə fərdi fəaliyyətlər az deyil, amma sistemli və əhatəli şəkildə olmayıb. Odur ki, milli kimliyimiz və dəyərlərimizə əsaslanıb indiyədək olan fəaliyyətləri birləşdirdik. Məsələn, bir sənətkarımız metallardan istifadə edərək Xocalıda işgəncə ilə qətlə yetirilən qadının fəryadını ifadə etdi. Biz bu əsərləri məhz işğaldan azad olunan Azərbaycan torpaqlarında açılacaq muzeylərdə saxlanılması üçün qardaş ölkəyə verdik”.

Dekan bu cür layihələrin təkcə Azərbaycanla məhdudlaşmadığını, bütün Türk dünyası ilə bağlı olması həyata keçiriləcəyini deyib: “Eyni mövzuda biz Şimali Kiprdə yunanların hücumlarına, zülmünə məruz qalan türklərin faciələrini incəsənətin dili ilə ifadə edən əsərləri ŞKTC-nin milli mücadilə dönəmini əks etdirəcək muzey üçün bağışladıq”.

Mehparə Sultanova
Ankara