Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi keçirilir.
Aprelin 17-də respublika üzrə ilkin olaraq 30 müəssisədə birinci mərhələyə start verilib. Aprelin 18 və 19-da isə digər müəssisələrdə ilk mərhələ başlanacaq. Ümumilikdə isə festival tədbirləri 121 mədəniyyət müəssisəsində gerçəkləşəcək.
Üç turdan ibarət, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivalın respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək iştirakçısı var.
Festivalın birinci mərhələsində iştirakçıları qiymətləndirmək üçün münsif kimi ümumilikdə 2500-dən çox mütəxəssis (hər nominasiya üzrə üç nəfər olmaqla) cəlb edilib. Obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə münsiflərin adları açıqlanmayacaq. Festival ərzində 320 koordinator və 250 sistem inzibatçısı fəaliyyət göstərəcək.
Qeyd edək ki, peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. II mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər.
Final mərhələsi sentyabr ayında Bakıda keçiriləcək. Finalın yeri, tarixi və vaxtı festivalın rəsmi internet portalında (uif.az), eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.
Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.