Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli dilçi alim, türkoloq, şərqşünas, ədəbiyyatşünas, yazıçı Bəkir Çobanzadənin (1893-1937) elmi irsi və bədii yaradıcılığına həsr olunmuş elmi seminar keçirilib.

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi tələbələrinin iştirak etdiyi seminarda muzeyin Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu alimin doğulub böyüdüyü ailə, Krım mühiti və ədibin təhsil illəri haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, hələ çox erkən yaşlarından dünya dillərinə bələd olmaq, qədim və ortaq türk xalqları ədəbiyyatını, linqvistikasını öyrənmək həvəsi gənc Bəkir Sidqi üçün İstanbul, Budapeşt, Odessa və digər şəhərlərin universitetlərində təhsilin, tədrisin yollarını açıb. Bəkir Çobanzadə qırx dörd il yaşasa da, türk xalqlarının etnik-mədəni dəyərlərinə, dil və ədəbiyyatına həsr olunmuş qiymətli əsərlər yadigar qoyub. B.Çobanzadə Budapeşt Universitetində təhsil aldığı illərdə türkmənşəli qıpçaq-kuman boyunun qədim yazılı abidəsi haqqında dissertasiya işi müdafiə edərək alimlik dərəcəsi alsa da, həmin dissertasiya işi hələ də aşkar olunmayıb.

Seminarda Azərbaycan ədəbiyyatının müxtəlif dövr və nümayəndələri haqqında silsilə elmi əsərlərin müəllifi, professor B.Çobanzadənin 1937-ci ilin amansız repressiyalarına da hədəf olmasından da bəhs edilib. Qeyd edib ki, həmin dövrün hadisələri alimin həyat yoldaşı Ruqiyyə xanımın, bacısı Züleyxa Çobanzadənin acı taleyindən xəbər verən memuarlarda da əksini tapıb.

Elmi seminarda muzeyin əməkdaşları professor Xatirə Bəşirli, Tomiris Babanlı və digərləri B.Çobanzadə irsi haqqında fikirlərini bölüşüblər.