Heydər Əliyev Mərkəzində rəssam Devrim Erbilin sərgisi
Türkiyənin tanınmış rəssamı Devrim Erbil aprelin 13-də Heydər Əliyev Mərkəzində “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisini təqdim edib.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Fərqan Novruzov sərgi barədə məlumat verib. Qeyd edib ki, Devrim Erbilin bu günədək müxtəlif ölkələrdə yüzlərlə sərgisi açılıb, əsərləri Türkiyənin və dünyanın bir çox muzey kolleksiyalarında yer alıb. Onun İstanbula həsr edilən əsərləri xüsusilə məşhurdur. Heydər Əliyev Mərkəzindəki sərgisində müəllifin həm də Bakıya həsr edilən əsərləri ilk dəfə nümayiş olunur.
Sərginin kuratoru Renk Erbil qardaş ölkədə olmaqdan məmnunluğunu bildirib: “Sizə, qardaş ölkəyə Türkiyədən bol-bol sevgi və rəssam, eyni zamanda atam Devrim Erbilin bir-birindən gözəl rəsm əsərlərini gətirdik. Sərginin özəlliyi ondadır ki, burada rəssamın hətta muzey kolleksiyalarından ibarət rəsmləri nümayiş edilir. Həmçinin gözəl şəhəriniz olan Bakını əks etdirən əsərlər də yer alır. Biz heç yerdə və heç bir məkanda bu qədər geniş sayda əsərlər sərgiləmirik, amma Azərbaycanın Erbil ailəsi olaraq bizim qəlbimizdə tam başqa yeri var...”.
Türkiyəli sənətşünas, professor Kiymet Giray rəssam və onun sərgisi haqqında danışıb. Bildirib ki, Devrim Erbil türk rəsm sənətinin məşhur sənətçisi olmaqla yanaşı, eyni zamanda dünya miqyasında ən tanınmış fırça ustadlarındandır. 1937-ci ildə anadan olan Devrim Erbil həyatının 60 ilini tarixi İstanbulda yaşayıb, yaradıb. Bu şəhərə olan bağlılığın onun yaradıcılığında xüsusi yeri var. Abstraksionist rəssam kimi tanınan D.Erbil İstanbuldakı Gözəl Sənətlər Dövlət Akademiyasında təhsil alıb. Bedri Rəhmi Eyuboğlu, Cemal Tollu, Cevat Derelinin sənət emalatxanalarında işləyən rəssam bir sıra kollektiv sərgilərdə öz əsərləri ilə yaradıcılığına diqqət cəlb etməyi bacarıb. Bunun sayəsində İspaniya hökumətinin təqaüdünə də layiq görülüb. Madrid və Barselonada başladığı sənət araşdırmalarını London və Parisdə davam etdirib. Əsərlərində təbiət mövzusuna üstünlük verən rəssam həmçinin beynəlxalq konfransların, seminarların təşkilatçısıdır. Rəssam Türkiyənin dövlət mükafatlarına, o cümlədən Dövlət rəssamı adına layiq görülüb. Türkiyədə onun adını daşıyan muzey və fond da fəaliyyət göstərir.
Devrim Erbil sərgisinin Bakıda keçirilməsindən qürur duyduğunu dilə gətirib: “Qardaş Azərbaycanın çox dəyərli insanları, hamınızı sevgi ilə qucaqlayıram. Məni və sənətçi ailəmi sevgi ilə qarşıladınız. Bunun üçün sizə sonsuz minnətdarlığımı bildirirəm. Bu mənim Bakıya ilk səfərim olmasa da, buralara yenidən gəlmək niyyətindəyəm. Bir ildir ki, Bakıda bu sərgini açmağı planlaşdırırdıq və nə gözəl ki, buna nail ola bildik. Sərgimin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə, eləcə də əməyi keçən hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Qardaş Azərbaycana böyük hörmətim və sevgim var”.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Heydər Əliyev Mərkəzində “Türkiyədən sevgilərlə” sərgisi sentyabrın 3-dək davam edəcək.