18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qax şəhərində “Bu diyarın hər daşı, hər guşəsi bir tarixdir” adlı regional tədbir keçirilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qəbələ Regional İdarəsinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə regional idarənin xidməti ərazisinə daxil olan rayonların aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.
İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova əlamətdar günün tarixi haqqında danışaraq deyib ki, məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Dövlət Xidməti Qəbələ Regional İdarəsinin rəisi Tərxan Tahirli qeyd edib ki, tarix və mədəniyyət abidələri xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən, maddi və mənəvi həyatımızın, tariximizin daşlaşmış yadigarıdır. Bildirilib ki, iki ildən artıqdır fəaliyyət göstərən regional idarə tərəfindən bölgədə yerləşən 1000-dən çox tarix-mədəniyyət abidəsində monitorinq aparılıb.
Çıxışlardan sonra “Abidələr xalqı, xalq abidələri yaşadır” adlı videoçarx nümayiş olunub. Tədbir Qax rayonu ərazisində yerləşən tarixi abidələrə ekskursiya ilə davam edib.
***
Şəki Dövlət Rəsm Qalereyasında “Tarixi abidələr rəssamların gözü ilə” adlı sərgi açılıb. Sərgidə yerli rəssamlardan Aynur Məsimova, Zaur Əhmədov, Asim Abbasov və Elxan Kərimovun qrafika əsərləri, kətan üzərində yağlı boya, daş və taxta üzərində rəsmləri, təkəlduz ustası Günel Paşayevanın əl işləri nümayiş olunur.
Rəssamlar İttifaqı Şəki təşkilatının sədri Tahir Həmidli və Uşaq incəsənət məktəbi Rəssamlıq şöbəsinin müdiri Səbuhi Məmmədov sərgi haqqında təəssüratlarını bölüşüb və gənc rəssamlara tövsiyələrini veriblər.
Sərginin təşkilində məqsəd Şəkinin tarixi məkanlarını və abidələrini təbliğ etməkdir.