Leyla Əliyevanın şeirlər kitabının Çin dilində nəşrinin təqdimatı
Aprelin 17-də Pekində “Ömür bir dəfə yaşanır” şeirlər kitabının Çin dilində nəşrinin təqdimatı olub. Nəşrin müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Təqdimat Heydər Əliyev Fondunun, Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının və Azərbaycanın Çindəki Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Çin Xarici Dillər Nəşriyyatı Administrasiyası baş redaktorunun müavini xanım Çen Şiya bu nəşri iki ölkə arasında humanitar sahələrdə əməkdaşlığın gözəl nümunəsi kimi dəyərləndirib.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı mədəni-humanitar layihələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını, gələcəkdə bu istiqamətdə yeni layihələrin həyata keçiriləcəyini bildirib.
Çin Yazıçılar Birliyi poeziya şurasının sədri, şair Cidi Macia bildirib ki, Leyla Əliyevanın poeziyası lirikdir, eyni zamanda dərin fəlsəfi məna daşıyır. Onun şeirlərini oxuyarkən müxtəlif dövrlərdə yaşamış şairlərin yaratdığı lirik ənənələrin müasir zamanımıza necə axıcı bir şəkildə süzülüb gəldiyinin şahidi oluruq.
Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə məzunları Leyla Əliyevanın şeirlərini Çin dilində söyləyiblər.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən ilk dəfə azərbaycanlı müəllifin şeirlər kitabı Çin dilində nəşr edilib. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Çin Xarici Dillər Nəşriyyatı Administrasiyası baş redaktorunun müavini Çen Şiya ilə görüşündə gələcəkdə digər azərbaycanlı şair və yazıçıların əsərlərinin Çin dilinə tərcümə edilməsi ilə bağlı müzakirələr aparılıb.