Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi ilə Çin Xalq Respublikasında  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilir. Bu çərçivədə Çinin paytaxtı Pekində təntənəli mərasim, konsert və sərgi təşkil edilib.

Çinin Hebey vilayətinin Lanfan şəhərində isə Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Azərbaycan-Çin dostluq konserti olub.

Lanfandakı İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində keçirilən konsertdə Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi altında “Qaytağı” instrumental ansamblı və “Mirvari” rəqs qrupunun ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Tofiq Quliyev və başqa görkəmli bəstəkarların əsərləri, xalq mahnıları və rəqsləri, habelə Çin xalq mahnısı səslənib. Ağdam şəhər  Xan Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbinin şagirdi Mətin Cəfərovun ifasında “Qarabağ şikəstəsi” konsert proqramına xüsusi rəng qatıb.

Azərbaycan ifaçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.