18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, nazirliyin Gənclər təşkilatı üzvlərinin Ordubad rayonuna ekskursiyası gerçəkləşib.

Ordubadın tarixi abidələrinin tanıdılması məqsədilə reallaşan ekskursiyada gənclər əvvəlcə Ulu öndər Heydər Əliyevin “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır” fikri yazılmış plakat açıblar.

Ekskursiya başlamadan əvvəl nazirliyin İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin aparıcı məsləhətçisi Elvin Əhmədov əlamətdar günün tarixi barədə məlumat verib. O, Naxçıvanın, eləcə də Ordubad rayonunun tarixi abidələrlə zəngin olduğunu vurğulayıb, hər il  ənənəvi olaraq muxtar respublikanın tarixi yerlərində müxtəlif tədbirlərin keçirildiyini deyib.

Sonra gənclər Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, akademik Yusuf Məmmədəliyev, Məmməd Səid Ordubadi, Məhəmməd Tağı Sidqinin ev-muzeylərinə, habelə Sərşəhər məscidi, Buzxana və tarixi çeşmələrə baş çəkiblər. Gənclərə muzeylər və abidələr barədə ətraflı məlumat verilib.

Sonda gənclər arasında “Tarix və mədəniyyət” mövzusunda viktorina keçirilib, qaliblər nazirliyin diplomları ilə təltif edilib.