18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü hər il olduğu kimi bu il də ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olundu.

“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Açıq qapı günü” keçirilib. Ziyarətçilər qoruğun ərazisindəki abidələrlə tanış olub, qədim sənətkarlıq məhəlləsi, hamam-yaşayış kompleksi, buzxana kompleksi və məscidin tarixi haqqında məlumat əldə ediblər. Daha sonra ustad dərsi təşkil olunub.

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Qəbələ Heydər Əliyev Mərkəzində "Abidələrimiz keçmişimizin bələdçisidir" adlı tədbir keçirilib. Tədbir iştirakçıları mövzu ətrafında çıxışlar edib, videomaterial nümayiş olunub.

***

Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin əməkdaşları tərəfindən Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Qubada yerləşən tarixi abidələrə və Quba Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilib.

***

Biləsuvar RMİ "Abidələrimizi tanıyaq və qoruyaq" adlı layihəyə başlayıb. Layihə çərçivəsində ilk tədbir əlamətdar günə həsr olunub. İdarə rəisi Əlisultan Sadıxovun da iştirak etdiyi tədbirdə Biləsuvar rayonu ərazisində orta əsrlər abidəsi olan Çöl Ağdam şəhərciyinə ekskursiya təşkil edilib, iştirakçılara abidə haqqında geniş məlumat verilib.

***

Qax rayonunun mədəniyyət müəssisələri Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar rayon ərazisində yerləşən tarixi abidələrə ekskursiya təşkil ediblər.

***

Zərdab rayon Heydər Əliyev Mərkəzi, rayon MKS-nin Mərkəzi Kitabxanası və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin Zərdab rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Tarix və mədəniyyət abidələri keçmişimizdən bizə dürüst məlumat verən yeganə mənbədir” mövzusunda tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, bu əlamətdar gün bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin mühüm təzahürü olmaqla bərabər, tarixi gerçəkliklərin öyrənilməsində böyük rol oynayır.

Göyçay Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə şəhər Ziya Bünyadov adına 3 saylı tam orta məktəbin 9-cu sinif şagirdlərinə Göyçayın yerli tarixi abidələri haqqında geniş məlumat verilib. Daha sonra muzeydə nümayiş etdirilən Yekəxana ərazisindən tapılmış küp qəbirlər və onların içərisindən tapılmış maddi mədəniyyət abidələrinə baxış olub.

***

Ağcabədi rayon Mərkəzi Kitabxanasının əməkdaşları əlamətdar günlə bağlı Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil ediblər.

***

Göygöl rayon Mədəniyyət Mərkəzinin Zurnabad kənd Diyarşünaslıq evi "Tarixi abidələrin qorunması" adı altında kənd ərazisində yerləşən tarixi ərazilərə bir qrup məktəblinin ekskursiyasını təşkil edib. Ekskursiya zamanı şagirdlərə tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması haqqında ətraflı məlumat verilib.

***

Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə qeyd olunub ki, XIX əsrin əvvəllərində Azərbaycan ərazilərinə köçürülən ermənilər tərəfindən zaman-zaman tarixi-mədəni irsimizə, dini abidələrimizə qarşı vandalizm əməlləri həyata keçirilib, yüzlərlə abidəmiz ya dağıdılıb talan edilib, yaxud da tarixi və mənsubiyyəti saxtalaşdırılıb.

***

Qazax rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ulu öndərin tarixi abidələrimizin qorunması, tədqiqi və təbliğini həmişə diqqətdə saxlamasından bəhs edilib. Qazaxın tarixi abidələrini əks etdirən sərgi nümayiş olunub, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tovuz rayon Mədəniyyət Mərkəzi və rayon MKS-nin əməkdaşları Yanıqlı kəndində yerləşən və XV əsrə aid abidəni ziyarət ediblər.

***

Gəncə şəhər MKS-nin 20 saylı kitabxana filialında "Tarixi abidələri ilə öyünən diyar" başlığı altında sərgi təşkil edilib. Sərgidə Azərbaycanın müxtəlif bölgələrinin tarixini və abidələrini özündə əks etdirən kitablar nümayiş olunub.