Sumqayıt Dövlət Dram Teatrında tanınmış rejissor Rövşən Almuradlının (1954–2019) anım günü keçirilib.

Teatrın direktor müavini Əməkdar artist Vidadi Məmmədov, baş rejissor Xalq artisti Firudin Məhərrəmov, Xalq artisti Məzahir Süleymanov, Əməkdar artistlər İzaməddin Bağırov, Nazir Rüstəmov, teatrşünas Vaqif Rəsuloğlu, aktyorlar İlqar İbrahımov, Dağlar Rüstəmov, rejissor Sevindik Rəsulov və başqaları Rövşən Almuradlının yaradıcılıq xüsusiyyətlərindən, ədəbi mətnlə və aktyorla iş metodundan, insani keyfiyyətlərindən söz açıblar. Rejissorun ərsəyə gətirdiyi tamaşa və filmlərin kontekstində onun sənətkar ömrünə nəzər salınıb.

Mərhum rejissorun düşüncələrini, yaradıcılıq mövqeyini əks etdirən slayd nümayiş olunub.

Sonda sənətkarın oğlu Kamal Almuradlı ailəsi adından anım gününün təşkilatçılarına minnətdarlıq edib, atasının Sumqayıt teatrı ilə bağlı xatirələrini bölüşüb.

Qeyd edək ki, rejissor, aktyor Rövşən Əziz oğlu Almuradlı 19 aprel 1954-ci ildə Bakıda doğulub. Şəki, Sumqayıt, Mingəçevir teatrlatrında, Akademik Milli Dram Teatrında tamaşalara, “Azərbaycanfilm” kinostudiyasında “Yük”, “Cavad xan” filmlərinə quruluş verib. 2 aprel 2019-cu ildə vəfat edib.