23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar Nəsimi rayonu 211 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti C.Cabbarlı Respublika Gənclər Kitabxanasında olublar.

Kitabxananın direktoru Aslan Cəfərov məktəbliləri salamlayaraq onlara kitablardan və mütaliədən faydalanmaq məqsədilə təsis edilən Dünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi və mahiyyəti haqqında məlumat verib.

Kitab və kitab nəşrinin uzun tarixi inkişaf yolu keçdiyini söyləyən direktor keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü rolunu oynayan kitabın əhəmiyyətini qeyd edib. Bildirilib ki, hər bir məktəbli öz tarixini, keçmişini, ədəbiyyatını, mədəniyyətini yaxşı bilməlidir və bu işdə ilk növbədə kitablar onların əsas yardımçısıdır.

Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva məktəblilərə kitabxananın fəaliyyəti, ondan istifadə qaydaları, elektron xidmətləri haqqında geniş məlumat verib, gənc nəslin mütaliəyə maraq göstərməsi istiqamətində bu səpkili görüşlərin əhəmiyyətini vurğulayıb.

Məktəbin kollektivi Dünya Kitab və Müəlliflik Hüququ Günü haqqında təqdimatlarla çıxış edib, kitab, mütaliə, biliklərə yiyələnməyin faydası haqqında Azərbaycan, ingilis və rus dillərində şeirlər, müdrik kəlamlar səsləndiriblər.

Kitabxananın əməkdaşları tərəfindən əlamətdar gün münasibətilə hazırlanan videomaterial nümayiş olunub, kitabxanaya yeni daxil olan ədəbiyyat nümunələri haqqında məktəblilərə məlumat verilib.

Sonda 211 nömrəli tam orta məktəbin kitabxanasına kitab hədiyyə edilib.