AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminar keçirib.

Seminarı Tarix İnstitutunun icraçı direktoru İlqar Niftəliyev açaraq Şuşanın tarixi, mədəniyyəti, eləcə də I və II Qarabağ müharibələri haqqında məlumat verib.

Sonra tarix elmləri doktoru Mais Əhmədov və tarix üzrə fəlsəfə doktoru Nigar Axundova məruzə ilə çıxış ediblər.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov Qarabağ ərazisində aparılan tədqiqatlar barədə məlumat verib. Alim İsveçrə, Polşa, Koreya və Azərbaycan arxeoloqlarından ibarət beynəlxalq qrupun Füzuli rayonu ərazisində yerləşən “Yedditəpə” kurqanında gördüyü işlərdən danışıb. Bildirilib ki, ərazidə 20-dən çox kurqan var.

Daha sonra professor Arif Məmmədov Qarabağ ərazisində aparılan monitorinqlər barədə söz açıb.

Dosent Akif Quliyev “Məhkəmə arxeologiyası və antropologiyası” adlı beynəlxalq konfransa hazırlıq və aparılan treninqlərin nəticələri haqqında məlumat verib. Bildirib ki, Qarabağ müharibələri nəticəsində ümumilikdə 4000-dən artıq itkin düşmüş vətəndaşımız var. Onların qalıqlarının aşkara çıxarılması istiqamətində işlər həyata keçirilir.