Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında olub.

Gənclər Kitabxanasından bildirilib ki, məktəblilərə kitabxananın yaranma tarixi, şöbələri, fəaliyyət istiqaməti haqqında geniş məlumat verilib.

Məktəblilər üçün kitabxanaya səyahət Oxuculara xidmət və kitabxana fondunun mühafizəsi şöbəsindən başlayıb.

Kitabxananın əməkdaşları məktəbliləri rəngarəng uşaq kitabları və jurnalları ilə tanış edib, kitabdan istifadə qaydalarını izah edərək, hər bir insanın mütaliə etməsinin nə qədər vacib olmasından danışıblar.

Məktəblilər kitabxanaya yazılma qaydaları, elektron xidmətlər, elektron, ənənəvi kataloq və kartotekadan istifadə qaydaları ilə tanış olublar. Kitabxana əməkdaşları məktəblilərə kitabxananın fondunda olan uşaq ədəbiyyatı, burada təşkil edilən sərgilər, kitab təqdimatları, tədbirlər haqqında məlumat veriblər.

Şagirdlər “Heydər Əliyev-100”, “Vətən şəhidləri”, “Tarixi qələbə, Zəfər Günü” və “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” sərgiləri ilə tanış olublar.

Görüşdə gimnaziyanın müəllimi Sevinc Məmmədova belə ekskursiyaların və tədbirlərin şagirdlərdə erkən yaşlarından kitaba, mütaliəyə maraq yaratdığını, kitabı sevməyə, onu qorumağa, asudə vaxtlarında mütaliəyə önəm verməyə sövq etdiyini bildirib.

Görüşün sonunda bütün uşaqlara valideynləri ilə birlikdə kitabxanaya yazılmaları tövsiyə olunub.